25 iyun 1982-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında - Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub.
1998-ci ildə Bakı şəhəri Nəsimi rayonu Milli Qəhrəman Yusif Mirzəyev adına 44 saylı orta məktəbi bitirib. 1999-2003-cü illərdə Müstəqil Azərbaycan Universitetində Jurnalistika ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə Naxçıvan Dövlət Universitetində “Mətbuat tarixi” istiqaməti üzrə magistr, 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Mətbuat tarixi və ideoloji iş metodları” kafedrasında doktorantura təhsili alıb. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı insan inkişafı” proqramı üzrə qısamüddətli ixtisasartırma kursu keçib.
2007-2008-ci illərdə Gəncə şəhərindəki “N” saylı hərbi-hissədə əsgər, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin Ehtiyat Zabit Hazırlıq Kursunun Motoatıcı bölüyündə kursant kimi hərbi xidmət keçib.
2003-cü ildə ixtisası üzrə “Azad Azərbaycan” qəzetində əmək fəaliyyətinə başlayıb. 2005-ci ildə “525-ci qəzet”də müxbir, 2005-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetində müxbir, məsul katib müavini, məsul katib, 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin “İctimai-siyasi verilişlər Baş Redaksiyası”nda redaktor, 2009-2012-ci illərdə “525-ci qəzet”də müxbir, Prezident müxbiri, 2012-2023-cü illərdə “Kaspi” qəzetində müxbir, parlament müxbiri, 2023-cü ildə Oxu.az MMC-də redaktor, 2023-2024-cü illərdə Medianews.az MMC-də redaktor, baş redaktor, 2024-cü ildə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) İctimai-siyasi və rəsmi xəbərlər redaksiyasının müdiri vəzifələrində çalışıb. Paralel olaraq 2020-2021-ci illərdə Yenisabah.az MMC-də redaktor, 2017-2018-ci illərdə “Azərbaycan Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci” Publik Hüquqi Şəxsdə laborant (Mətbuat və ictimaiyyətlə əlaqələrə məsul şəxs), 2021-2023-cü illərdə “Azərtelekom İnt.” MMC-də kopirayter vəzifələrində çalışıb.
1 may 2023-cü il tarixdən Baku TV-nin Qərbi Azərbaycan Departamentinin aparıcısıdır. 2025-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceridir.
Yeni Azərbaycan Partiyasının, Qərbi Azərbaycan İcmasının üzvüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2020-ci il tarixdə imzaladığı sərəncamla kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəlidir, iki övladı var.