Şəkinin ümumbəşəri irs dəyərləri təqdim olunub

Şəkiyə səyahət edən turistlər ənənəvi olaraq Xan Sarayını, Karvansaray, mərkəzdə yerləşən digər tarixi abidələri ziyarət edir, yerli mətbəx nümunələri ilə tanış olur, maraqlı sənətkarlıq məhsullarını alırlar. Adətən turistlər UNESCO dünya irs ərazisi olan Şəkinin mədəni irsinin xüsusiyyətlərini bilmədən, dəyərli mədəni irs abidələri ilə tanış olmadan şəhərdən ayrılırlar.

Şəkinin ümumbəşəri irs dəyərləri haqqında həm yerli ictimaiyyət, həm də turistlər arasında maarifləndirməni gücləndirmək məqsədilə “İCOMOS Azərbaycan” İB tərəfindən layihə həyata keçirilir. Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə icra olunan "Şəkinin dünya əhəmiyyətli memarlıq abidələrinin təbliği və onların üzərindən turizm marşrutunun yaradılması" layihəsi çərçivəsində Şəkinin bəşəri irs dəyərlərini, dünya əhəmiyyətli abidələrini əhatə edən xüsusi turizm marşrutu hazırlanır.

Layihə çərçivəsində Şəkidə keçirilən təqdimat mərasimində təşkilatın sədri Şeyda Allahverdiyeva "Şəkinin dünya əhəmiyyətli memarlıq abidələrinin təbliği və onların üzərindən turizm marşrutunun yaradılması" layihəsinin fəaliyyətləri mövzusunda çıxış etdikdən sonra, layihənin təfərrüatları barədə də məlumat verib. O, həmçinin indiyədək icra etdiyi böyük proqramlar haqqında da sualları cavablandırıb. Daha sonra “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov qoruğun yaranma tarixi, fəaliyyəti, qoruq ərazisindəki tarixi, mədəni abidələr və onların qorunması üçün görülən işlər barədə məlumat verib. Şəki Regional Turizm İdarəsinin əməkdaşı Fərid Mustafayev isə turizm marşrutları haqqında turistləri maraqlandıran məkanlar, onları cəlb etmək üçün görülən işlər haqqında danışıb. Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, oktyabr ayında layihə çərçivəsində Şəkidəki Yuxarı Karvansarayda “Şəkinin müstəsna bəşəri dəyərlərinin təbliği'' adlı sərgi baş tutub. İki gün ərzində davam edən sərgidə Şəkinin tarixi memarlıq abidələrinin ilkin cizgilərini əks etdirən plakatlar nümayiş etdirilib.

Xəbərlərə abunə olun