QİM-in mütəxəssisi YUNESKO-nun toplantısında iştirak edib

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (QİM) Layihələrin İdaeədilməsi şöbəsinin böyük mütəxəssisi Elçin Kərimov Rumuniyanın Buzau şəhərində keçirilən “Dünya irs ərazilərində turizm informasiya mərkəzlərinin rolu” adlı 4-cü regional toplantıda iştirak edib. YUNESKO-nun Avropada Elm və Mədəniyyət üzrə Regional Bürosu tərəfindən təşkil edilən tədbirdə 20-dən çox ölkə təmsil olunub.

Tədbirdə YUNESKO-nun Dünya İrs Ərazisi kimi geopark anlayışı və onun kütləvi turizm ilə münasibətləri mövzusunda elmi müzakirələr aparılıb. Buzau Geoparkının ziyarəti zamanı ərazinin turistlər üçün əlçatanlığı, turizm və rekreasiya infrastrukturu, turizm informasiya mərkəzinin göstərdiyi xidmətlərlə (xüsusilə rəqəmsal informasiya alətləri) əlaqədar iştirakçılara məlumat verilib.

E.Kərimovun sözlərinə görə, Buzau Geoparkının ərazisində palçıq vulkanları, kristallaşmış duz parçaları və yerdən çıxan təbii alov kimi irs atributları mövcuddur. Buzau yalnız geoloji-təbiət dəyərlərinə görə yox, həmçinin mədəni sərvətlərinə görə də əhəmiyyətlidir. Belə ki, ərazinin turistlər üçün cəlbedici etmək məqsədilə burada yerli icmanın istehsal etdiyi eko-məhsullar nümayiş etdirilir, turistik cığır boyunca yerli tarixi əhvalatlar müəyyən interpretasiya ilə maraqlı formatda ziyarətçilərə təqdim olunur. 

Tədbirdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq idarəsinin təmsilçisi Səbinə Yədullayeva da iştirak edib. 

Xəbərlərə abunə olun