Azərbaycan əsrlər boyu müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşadığı və müxtəlif dini cərəyanların yayıldığı ərazi kimi tanınmışdır. Tarixən Azərbaycan ərazisində yaşayan insanlar bir çox dinlərə inanmış, sitayiş etmişdir. Burada məskən salmış etnik və dini icmalar arasında sıx münasibətlər formalaşıb, heç bir milli, irqi və dini ayrı-seçkilik mövcud olmayıb. Zaman-zaman ölkəmizdə Şamanlıq, zərdüştilik (atəşpərəstlik), daha sonralar isə yəhudi dini, xristianlıq və islam yayılıb. Tədricən insanlar inandıqları dini yaymaq və sitayiş etmək üçün toplaşma yerləri müəyyən etdilər. Zaman keçdikcə həmin yerlər bir çox insanlar tərəfindən müqəddəs yerlər hesab olundu. Və o yerlərdə ibadət yerləri tikməyə başladılar. Əcdadlarımızın bizə miras qoyduqları dini yerlər bu gün də əhali tərəfindən müqəddəs sayılır. Bakı və onun ətraf kəndlərində dini etiqad tələblərinə uyğun olaraq bir çox ziyarətgahlar və müxtəlif dini inanc yerləri olmuşdur. Belə dini inanc yerlərdən biri də Suraxanı kəndi yaxınlığında yerləşən Atəşgah məbədidir ki, hal-hazırda bu bina Atəşgah Məbədi Dövlət-Tarix Memarlıq Qoruğu kimi fəaliyyət göstərməkdədir.
Ehtimal olunur ki, hazırda mövcud olan tikilinin inşasından əvvəl də bu yer Cənubi Qafqazda zərdüştiliyin mərkəzi olmuşdur. Ərəblərin VII əsrdə Azərbaycana gəlməsi , Zərdüştilik məbədlərini dağıtması və İslam dinini yayması nəticəsində Zərdüştilik dininə inananların tədricən azalmasına səbəb olmuşdur. Onların inanc yeri olan Atəşgah məbədinin nüfuzdan düşməsi ilə nəticələnmişdir. XVII-XVIII əsrlərdən başlayaraq bu qədim dini mədəniyyətə inanan insanlar tərəfindən keçmiş məbədin qalıqların üzərində yenidən Atəşgah inşa edilmişdir.
Tarixi mənbələrə əsaslanaraq belə deyə bilərik ki, ölkəmizin zəngin maddi mədəniyyət abidələri hələ qədim zamanlardan səyyahlarının diqqətini cəlb etmişdir. Onlardan V əsrdə yaşamış Bizans dövlətinin ən görkəmli diplomatlarından və tarixçilərindən biri olan Panili Prisk, X əsrdə yaşamış ərəb coğrafiyaçıları və səyyahları Əl-İstəxri və Əl-Məsudi, XIII əsrdə yaşamış İran tarixçisi və coğrafiyaşünası Zəkəriyyə əl-Qəzvini və başqaları Bakı ətrafında " əbədi yanan odlar " və neftin olması haqqında ilkin məlumatlar vermişdilər. XVII əsrin 60-cı illərindən başlayaraq Suraxanı od məbədinə həm gəbr-pars, həm də hindli atəşpərəstlər ziyarətə gəliblər. Görkəmli tarixçi-alim Sara Aşurbəyli "Bakı şəhərinin tarixi" əsərində yazıb: "IX əsrdən başlayaraq ərəb, fars və hind mənbələrində Bakı və onun ətrafından, atəşpərəstlərin yaşadığı əbədi odlar şəhəri kimi danışılır. Ehtimal ki, Suraxanıda müqəddəs oda sitayişə gələn atəşpərəst zərdüştilərin ibadətgahı olmuşdur.
Əhalinin İslamı qəbul etməsindən sonra Atəşgah məbədi süquta uğramış və mənbələr bir daha ondan danışmamışlar". Tarixçi alimin fikrincə, vaxtı ilə "Atəşgah məbədi"ndə əcdadlarımız Zərdüşt dini ayinlərini icra edərək, “yanar odu” da özlərinə müqəddəs bilmişlər. XVII-XIX əsrlərdə atəşpərəst dininə mənsub olan hindli səyyahlar da Bakıya gələrkən Suraxanı Atəşgahını ziyarət edərmişlər.
Bakı şəhərinin tarixini işiqlandıran Qərbi Avropa səyyahları arasında 1683-cü burada olmuş alman səyyahı Engelbert Kempferin qeydləri mühüm əhəmiyyət kəsb edir. Belə ki, E.Kempfer Suraxanı ərazisində yerləşən Atəşgah məbədində də qonaq olub. Səyyah burada gördüklərini ətraflı və dəqiq qələmə alaraq yazmışdır: "Biz burada onlarla adamın olduğunu gördük. Kimsə yanan alovdan ocaq düzəldib, mis qazanlarda Suraxanı camaatı üçün xörək bişirir, digərləri isə əhəng yandırmaqla məşğul olurdu. İki nəfər qədim pars tayfasından olan kəs və gəlmə hind atəşpərəstlərindən olan adamlar tikdikləri hasar ətrafında oturaraq qaya çatlarından havaya yüksələn alova səcdə edərək ibadət edirdilər".
Engelbert Kempfer — Suraxanıda Atəşgah və yeddi müqəddəs alov, XVII əsr.
Digər bir tarixi mənbələrə istinad edərək deyə bilərik ki, XVIII əsrdə Bakıya Hindistanın Multan vilayətindən həm ticarət, həm də əbədi odu sitayiş etmək üçün gələn hindli tacirlər Atəşgah məbədini bərpa edərkən burada hind məbədlərinə məxsus elementləri də inşa ediblər. "Atəşgah məbədi" 1880-ci ilə qədər mövcud olmuşdur.
XIX əsrin əvvəllərindən başlayaraq Atəşgah məbədi dünyanın bir çox rəssamlarını diqqətini özünə çəkmişdir. Onların əsərləri məşhur muzeylərdə və kitabxanaların arxivlərində qorunur. Onlardan biri fransız rəssamı Jean-Pierre Moynet olmuşdur. O, 1858 -ci ildə Aleksandr Düma ilə birlikdə Rusiya və Qafqaza səyahət etmişdir. Azərbaycanda da səfərdə olarkən Atəşgah məbədində də olmuş 1860-ci ildə “Bakı atəşgahında gebrlərin ibadəti” adlı rəsm çəkmişdir.
Digər bir əsər isə alman rəssamı Villem Kizevetterin yağlı boya ilə çəkilmiş “Suraxanı atəşgahı” əsəridir. Bu əsər Almaniyanın Berlin şəhərində yerləşən Avropa Mədəniyyətləri Muzeyində sərgilənir.
Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuş Qriqori Qaqarin Azərbaycanın bir neçə şəhərlərində olmuş o cümlədən Atəşgah məbədində də səfərdə olarkən hind zərdüştlərin dini ayinlərini görmüş və bu onun marağına səbəb olmuşdur. 1847-ci ildə “Bakı atəşgahında hinduistlərin ibadəti,” adlı rəsmini ərsəyə gətirmişdir. Bu əsər Nyu-York İctimai Kitabxanasının arxivində saxlanılır.
Məbədi ziyarət edənlər arasında 1863-cü ilin 19 sentyabrda ingilis Asşer ziyarət etmişdir. O, məbədi "Ataş Dja" adlandırır, orada İran və Hindistandan olan zəvvarların da yaşadığını bildirir. Əsər “Bakı atəşgahı” adlanır və Britaniyanın Milli Kitabxanasının arxivində saxlanılır.
XVI-XVII əsrlərdə Azərbaycandan keçən məşhur İpək yolu ilə ölkəmizə gələn tacirlər öz vətənlərinə döndükdə Suraxanıda yerdən çıxan təbii alovdan da söz açıblar. Beləcə, bura gələn zəvvarların, atəşpərəstlərin sayı günü-gündən artmağa başlayıb. Bakıdakı oda səcdə etmək üçün gələn hindli zəvvarlar barədə XVII əsr mənbələrində məlumatlar qalmaqdadır.
XIX əsrin əvvəllərində məbəd kompleksi dövrümüzə çatdığı görünüşə malik olub. Əsasən hinduslar tərəfindən istifadə olunsa da, məbədin memarlığı ənənəvi hinduizm məbədlərinin memarlığından fərqlidir. Abidənin əksər tədqiqatçıları qeyd edirlər ki, ümumi memarlıq xüsusiyyətlərinə görə o, Azərbaycanın şəhər karvansaralarını xatırladır. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları - balaxana tikilib. Məbəddə 20 qiymətli daş kitabə var. Onlar hücrənin üstə yerləşdirilib. Bu daş kitabələr günümüzədək qorunub saxlanılmışdır. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, həmçinin hind tanrılarının adları qeyd olunmuşdur. Hücrələrdən müxtəlif məqsədlərlə; yaşayış yeri, ibadətgah və karvansara kimi istifadə olunub. Bəzi hücrələrin giriş qapısının üstündə daş üzərində yazılmış ithaf kitabələri var. Kitabələrin bəzisinin sonunda yazılma tarixi qeyd edilib. Bunun əsasında kitabələrin XVIII-XIX əsrlərə aid olması müəyyənləşdirilib. Bəzi hinduizm kitabələri ciddi zədələndiyindən onların oxunması mümkün olmayıb.
1855-ci ildə Atəşgah yaxınlığında zavod tikildikdən sonra məbədin təbii alovları tədricən zəifləyib. Alovları zəifləmiş məbədi 1887-ci ildə Rusiya imperatoru III Aleksandr ziyarət edib. 1902-ci il yanvarın 6-da Bakı atəşgahının sonuncu təbii alovu sönüb. XX əsrin əvvəllərində tədqiqatçı M.S.Sayapin Hövsan sakinindən aldığı məlumata əsaslanaraq XIX əsrin ikinci yarısında məbəd ətrafında hələ də oda ibadət edən yaşlıların yaşadıqlarını, onların övladlarının isə artıq müsəlman olduqlarını yazıb.
Məbəd 1925-ci ildən sonra zərdüştlər tərəfindən tərk edilib. Bu vəziyyət əlli il davam edib. Bu əlli ildə məbəd baxımsız qalıb. O dövrdə Azərbaycan SSRİ-nin tərkibində idi. İndira Qandinin baş nazir olduğu dövrlərdə Hindistanla SSRİ arasında əlaqələr güclənmiş, dostluq münasibətləri möhkəmlənmişdi. Hindistan Respublikasının ilk baş naziri baş naziri olmuş Cəvahirləl Nehru qızı İndira Qandi ilə birlikdə 1950-ci ildə SSRİ-yə səfər edəndə onu Bakıya – “Atəşgah” məbədini ziyarət edirlər. 1970-ci ildə Hindistanın baş naziri İndira Qandi SSRİ-yə rəsmi səfəri zamanı “Atəşgah” məbədini ziyarət etmək istəyini bildirmişdi. Beləliklə də İndira Qandinin Bakıdakı tarixi məkana ziyarəti təşkil olunur. Bu məbədin baxımsız vəziyyətdə olduğu müşahidə edildikdən sonra ətraflı yenidənqurma işlərinə ehtiyac olduğuna qərar verildi. 1975-ci ildə aparılan yenidənqurma işlərindən sonra Atəşgah məbədi yenidən ziyarətçilər üçün açıldı.
1998-ci ildə isə Atəşgah məbədi UNESKO-nun Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev 19 dekabr 2007-ci il sərəncamı ilə Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.
Qoruq kimi fəaliyyətə başladıqdan sonra bir çox beynəlxalq və dövlət səviyyəli rəsmi tədbirlərə ev sahibliyi etmişdir. Onlardan biri də 2015-ci il aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində Birinci Avropa Oyunlarının məşəlinin məhz Bakıda Atəşgah məbədində alovlandırılması olmuşdur. Ölkəmizin müstəqillik tarixində keçirilən bu mötəbər tədbir – birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzində idi. Olimpiya ənənəsinə uyğun olaraq, tədbirin başlanğıcı qədim od məbədi olan “Atəşgah məbədi” Dövlət-Tarix Memarlıq Qoruğundan götürülüb.
Dünyanın ən qədim dinlərinlərin biri Zərdüştilik dininin məbədi olan Atəşgah məbədi dünya mədəni irsində özünəməxsus yerə malikdir. Bu məbəd Azərbaycanda xüsusi diqqətlə qorunaraq həm gələn ziyarətçilərə ölkəmizin qədim mədəniyyəti haqqında məlumat verilir həm də bu tarixi-mədəni məlumatlar gələcək nəsillərə ötürülür.
Xülasə
Məqalədə dünyanın ən qədim dinlərindən biri olan Zərdüştilik və onun Azərbaycanda yayılması, mədəniyyətə təsiri haqqında danışılır. Zərdüştiliyin Azərbaycandakı mərkəzi Suraxanı kəndində yerləşən Atəşgah məbədi hesab olunur. Keçmişdə olduğu kimi bu gün də Atəşgah məbədi öz əhəmiyyətini qoruyub saxlayır.
Bu məbəd dünya əhəmiyyətli tarixi-mədəni və memarlıq nümunələrindən biridir.
"Temple of Fire" from the past to the present ...
The article talks about Zoroastrianism, one of the oldest religions in the world, and its spread in Azerbaijan, its impact on culture. The center of Zoroastrianism in Azerbaijan is the Ateshgah temple located in the village of Surakhani. Today, as in the past, the Temple of Fire retains its significance.
This temple is one of the world's most important historical, cultural and architectural examples.
Ədəbiyyat siyahısı
1. Təranə Cəbiyeva-Azərbaycan, 2010. 7 oktyabr.- S. 7.
2. Arif Yunusov- Azərbaycanda İslam , Bakı 2004
3. https://az.wikipedia.org/wiki/Qriqori_Qaqarin
4. http://www.e-qanun.az/framework/14405
5. http://ateshgahtemple.az/az/haqqimizda
6. https://az.wikipedia.org/wiki/At%C9%99%C5%9Fgah_(Bak%C4%B1)
7. https://de.wikipedia.org/wiki/Wilhelm_Kiesewetter_(Maler)
8. https://fr.wikipedia.org/wiki/Jean-Pierre_Moynet
"Atəşgah Məbədi" Dövlət-Tarix Memarlıq Qoruğunun bələdçisi
Əhlimanlı Orxan
[email protected]