İsmayıllı rayonunun məşhur yaşayış məskənlərindən biri olan Basqal zəngin mədəni irsi ilə seçilir. Tarixi qala divarları, memarlıq abidələri, kürəbənd-qədim kanalizasiya sistemi, sənətkarlıq məhəllələri, məscidlər, bulaqlar, qədim bazar meydanı və çay daşları ilə döşənmiş dar küçələri ilə Basqal orta əsr şəhər mədəniyyətinin izlərini bu günədək qoruyub saxlamışdır.
BASQALI KƏŞF EDİN: QAFQAZIN İPƏK İRSİNİN YAŞADIĞI YER
Böyük Qafqaz dağlarının cənub yamaclarında, Niyaldağ silsiləsinin yaxınlığında yerləşən Basqal adının Azərbaycan dilində “baş qala”, “qala qurmaq” və ya “qalaya yüksəlmək” mənalarını ifadə edən “bas” və “qal” sözlərinin birləşməsindən yarandığı ehtimal olunur. Basqal qəbiristanlığında yerləşən qəbir və sənduqə tipli abidələr XVI–XVIII əsrlərə aid olub, ərazinin qədim yaşayış məskəni olduğunu göstərir. Şeyx Məhəmməd məscidində aparılmış arxeoloji tədqiqatlar isə Basqal ərazisində ən azı XI əsrdən etibarən intensiv yaşayışın mövcud olduğunu sübut edir.
Memarlıq irsi: Basqal tarixi memarlıq quruluşunu, daş döşənmiş küçələrini və məhəllə sistemini bu günə qədər qoruyub saxlamışdır. Şirvan bölgəsinin seysmik xüsusiyyətləri nəzərə alınaraq, burada tikilən evlərin zəlzələyə davamlılığı xüsusi diqqətdə saxlanılmışdır. Tikililərin elastikliyini artırmaq məqsədilə hər 4–5 daş qatından sonra divarlara “kətil” adlanan taxta qurşaqlar yerləşdirilirdi. Küçəyə baxan ev künclərinin iti deyil, kəsilmiş formada inşa olunması isə nəqliyyat vasitələrinin yaratdığı zədələrin qarşısını almağa xidmət edirdi. Maraqlı memarlıq elementlərindən biri də qapılarda kişi və qadınlar üçün fərqli səs çıxaran təqqülbablardan (dəmir qapı toxmaqlarından) istifadə olunması idi.
Basqal hamamı: XVII əsrə aid olan Basqal hamamı klassik Şərq memarlıq üslubunda inşa edilmişdir və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir. Günbəzlərindəki nəbati ornamentlər və sütun elementlərindəki simmetriya yerli memarlıq ənənələrinin yüksək səviyyəsini nümayiş etdirir. Hamam 2021-ci ildə bərpa edilərək muzey kimi fəaliyyətə uyğunlaşdırılmışdır. Burada Azərbaycan hamam mədəniyyəti, xalq adətləri, hamamların funksional strukturu (külxana, xəzinə, xəlvətxana və s.), həmçinin buranın qədim yeraltı isitmə sistemi haqqında məlumat əldə etmək mümkündür.
Kürəbənd sistemi: XIII əsrin əvvəllərindən fəaliyyət göstərən kürəbənd sistemi orta əsr mühəndisliyinin unikal nümunələrindən biri hesab olunur. Quyular və yeraltı örtülü kanallar vasitəsilə yaradılmış bu sistem Basqaldakı bulaqları vahid su və kanalizasiya şəbəkəsində birləşdirirdi. 2019–2021-ci illərdə Şeyx Məhəmməd Məscidinin qarşısında aparılan arxeoloji qazıntılar zamanı iki kürəbənd sistemi aşkar edilmişdir.
Şeyx Məhəmməd məscidi: Şeyx Məhəmməd məscidi 1531-ci ilə aid tarixi dini tikilidir və Bazar meydanının yuxarı hissəsində yerləşir. Məsciddə fəaliyyət göstərmiş qədim mədrəsəyə aid əlyazmalar hazırda qoruğun muzey kolleksiyasında qorunur. Arxeoloji tədqiqatlar nəticəsində məscidin tikinti mərhələləri müəyyən edilmiş və çoxsaylı maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur.
Tarixi Çinar ağacı (1563): Yerli əhali tərəfindən müqəddəs pir yeri hesab edilən, nəhəng gövdəli və iri koğuşlu ağac 1563-cü ildə Şeyx Məhəmmədin oğlu Şeyx Səfayi tərəfindən əkilib. Bu barədə Çinar ağacına aid kitabədə məlumat verilib.
Şeyx Məhəmməd məscidinin köməkçi tikilisi üzərində yerləşdirilmiş bu kitabənin tədqiqi onun məhz Çinar ağacına aid olduğunu təsdiqləyib. Çinar ağacının əkilməsi ilə bağlı qoyulmuş kitabə yerli bud daşından yonulub. Daşın uzunluğu 0.39, eni 0.27 santimetrdir. Daşın kənarı sadə formada işlənib. İki sətirdən ibarət kitabə süls elementli nəsx xətti ilə həkk edilib:

Kitabənin tərcüməsi belədir: “970-ci il tarixində əl-Fəqir Şeyx Səfayi Şeyx Məhəmməd oğlu çinar ağacını əkdi”.
Hicri qəməri 970-ci il tarixi miladi tarixin 1563-cü ilinə uyğun gəlir. Beləliklə, Şeyx Məhəmməd 1531-ci ildə Basqal məscidini tikdirib. Ondan 32 il sonra - 1563-cü ildə oğlu Şeyx Səfayi Basqalın məşhur çinar ağacını əkib.
Tarixi Bazar Meydanı: Son dövrlərə qədər mübadilə və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərən Tarixi Bazar Meydanı tarixən regional ticarətin əsas mərkəzi olmuşdur. Qəsəbənin bütün küçələri, yolları, məhəllələri və evlərdən başlayan cığırlar bu meydanda birləşirdi ki, bu da onu Basqalın mərkəzinə çevirirdi. Həftənin müəyyən günlərində burada kənd təsərrüfatı və sənətkarlıq məhsulları satılırdı. Meydan eyni zamanda əhalinin ictimai və məişət məsələlərini müzakirə etdiyi əsas toplaşma məkanı olmuşdur.
Kəlağayı sənəti: Azərbaycanın qeyri-maddi mədəni irsində və milli-mənəvi dəyərlər sistemində mühüm yer tutan kəlağayı sənəti Basqalda bu gün də yaşadılır.
Orta əsrlərdə Basqal Şirvan bölgəsinin əsas toxuculuq və sənətkarlıq mərkəzlərindən biri sayılmışdır. Burada əhalinin böyük hissəsi ipək istehsalı ilə məşğul olmuşdur. XVIII–XIX əsrlərdə Basqalda istehsal edilən kəlağayılar Qafqazda, həmçinin Şərq və Avropa ölkələrində böyük maraq doğurmuşdur. Kübarlıq və zəriflik rəmzi hesab olunan Azərbaycan kəlağayısı 2014-cü ildə “Kəlağayı sənəti və simvolizmi” adı ilə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
GÖRMƏLİ YERLƏR VƏ FƏALİYYƏTLƏR
Kəlağayı master-klasında iştirak: Basqalın ən məşhur sənət nümunələrindən biri olan kəlağayı sənətini yerli ustaların rəhbərliyi ilə keçirilən praktiki master-klasda təcrübədən keçirin. UNESCO tərəfindən tanınan bu ənənə ilə yaxından tanış olun və öz əl işinizi yaratmaq imkanı əldə edin.
Hamam Muzeyinə ziyarət: Bərpa olunmuş XVII əsr hamamına daxil olaraq Azərbaycan hamam mədəniyyətinin mərasimləri və sosial ənənələri ilə tanış olun. İnteraktiv ekspozisiyalar “külxana” adlı yeraltı isitmə sistemi və əsrlər boyu formalaşmış hamam ənənələrini canlandırır.
Daş döşənmiş məhəllələrdə gəzinti: Basqalın qədim məhəllələrində gəzin, daş döşənmiş küçələr, ənənəvi emalatxanalar və özünəməxsus kəsik künclü memarlıq nümunələri vasitəsilə yaşayan orta əsr şəhərinin atmosferini hiss edin.
Bazar Meydanı təcrübəsi: Basqalın tarixi Bazar Meydanında yerli sənətkarlıq məhsulları, suvenirlər və ənənəvi qida nümunələri təqdim edən satıcıların yaratdığı canlı atmosferi yaşayın. Bu meydan Basqalın regional ticarət mərkəzi kimi tarixini bu gün də yaşadır.
Ənənəvi mətbəx təcrübəsi: Xırman restoranında Basqalın məşhur pip dolması, piti, yerli pendirlər, tut bəkməzi və “Slou Food” tərəfindən tanınan qızılgül mürəbbəsi kimi dağ mətbəxinin ləzzətlərini dadın.
İpək Mərkəzinə ziyarət: İpək Mərkəzində Basqalın qədim toxuculuq ənənələrinin izlərini izləyin. Orta əsrlərdə Şirvanın mühüm sənətkarlıq mərkəzi olmuş bu yaşayış məskəninin Qafqaz və digər bölgələrə yayılan ipəkçilik irsi ilə tanış olun.
DOST Evi Yaradıcılıq Mərkəzi: Qoruğa gedən yol üzərində yerləşən DOST Evi emalatxanalarında xalçaçılıq, dulusçuluq, misgərlik və toxuculuq üzrə yerli istehsal olunan əl işlərini kəşf edin. Bu məkan yaşayan Azərbaycan sənətkarlıq ənənələrinə açılan nadir pəncərədir.
“Basqal Resort & Spa”da istirahət: “Basqal Resort & Spa” kompleksində termal hovuzlar, sauna, buxar otağı, masaj xidmətləri və yoqa dərsləri ilə dağ havasında dincəlin. Kənd və yürüş marşrutlarını kəşf etdikdən sonra bura istirahət üçün ideal məkandır.
PİYADA YÜRÜŞLƏR
Basqal və Lahıc arasında uzanan Niyaldağ silsiləsi tarix boyu həm təbii maneə, həm də mühüm keçid yolu olmuşdur. Dağın müxtəlif hissələrində bu strateji mövqeni qorumaq məqsədilə inşa edilmiş qədim qala və sədd qalıqlarına bu gün də rast gəlmək mümkündür. Tağlabiyan–Niyal aşırımı–Lahıc, Mücü–Lahıc və Sulut–Əhən keçidləri əsrlər boyu bölgələr arasında əlaqə və gediş-gəlişi təmin edən əsas keçidlər olmuşdur. Bu keçidlər üzrə yürüş marşrutları:
Tağlabiyan - Niyaldağ - Lahıc marşrutu (11.2 km): Marşrut Basqal qəsəbəsinin 5 km şimal-qərbində yerləşən Tağlabiyan kəndindən başlayaraq meşə və yaylaq ərazilərindən keçib Lahıc istiqamətində davam edir. Yol boyunca bulaqlar, çoban alaçıqları və Girdiman qalası qalıqları ilə tanış olmaq mümkündür. Niyal aşırımı və 2053 metrlik zirvə marşrutun əsas mənzərə nöqtələrindəndir. Marşrut Lahıc kəndinin girişində başa çatır.
Mücü - Lahıc marşrutu (10.7 km): Marşrut Basqal qəsəbəsinin 5 km şimal-şərqində yerləşən Mücü kəndindən başlayaraq meşə zolaqları və dağ yaylaqları boyunca uzanır. Yol üzərində Niyaldağ zirvəsinə çıxış imkanı və Lahıc panoramasını izləmək üçün baxış nöqtələri yerləşir. Tarixi keçid yollarından biri olan bu marşrut həm təbiət, həm də mədəni landşaft təcrübəsi təqdim edir.
Sulut və ətraf kəndlər üzrə piyada yürüşləri: Basqala yaxın Sulut və ətraf kəndlərdə yürüş həvəskarları üçün qədim abidələr, dağ mənzərələri və meşə cığırları kimi müxtəlif marşrutlar mövcuddur. Tarixi qalalar, qədim kənd memarlığı, palçıq vulkanları və yaylaq yolları bu ərazini həm təbiət, həm də mədəni irs baxımından maraqlı istiqamətə çevirir.
Buzxana və Qırxotaq marşrutu (7-8 km): Orta-asan çətinlik səviyyəsinə malik bu yürüş marşrutu qədim Buzxana və Qırxotaq qəsri istiqamətində uzanır. Marşrut boyunca meşə zolaqları, qala qalıqları və dağ panoramaları müşahidə olunur.
Fit dağı marşrutu (13 km): Bu orta çətinlikli marşrut Mücü kəndindən başlayaraq 1810 metr yüksəklikdə yerləşən Fit dağı zirvəsinə aparır. Yol üzərində tarixi abidələrin və Baş Qafqazın geniş panoramik mənzərələri açılır.
Sərsurə - Kələzeyvə - Sulut marşrutu (4 km): Qısa və rahat yürüş marşrutu olan bu yol kənd həyatı, yerli memarlıq və dağ təbiəti ilə tanış olmaq üçün ideal seçimdir. Marşrut Sərsurə, Kələzeyvə və Sulut kəndlərini birləşdirir.
Palçıq Vulkanı marşrutu (3 km): Yüngül çətinlik səviyyəsinə malik bu qısa yürüş palçıq vulkanına aparır. Marşrut boyunca çay mənzərələri və sakit kənd təbiəti müşahidə olunur.
HARADA QALMAQ OLAR?
|
Yerləşmə növü |
Ad-soyad |
Əlaqə nömrəsi |
Tutum |
Məkan məlumatı |
|
Qonaq evi |
Aydın Ələsgərli |
(055) 256-47-16 |
3 otaq, 5 çarpayı |
Basqal qəsəbəsi P9XV+7F, Basqal |
|
Qonaq evi |
Səməd Cəfərov |
(077) 609-06-09 |
7 otaq, 14 çarpayı |
Basqal qəsəbəsi |
|
Qonaq evi |
Rafael Nağıyev |
(055) 528-20-53 |
3 otaq, 7 çarpayı |
Basqal qəsəbəsi 40.747133,48.386519 |
|
Qonaq evi |
Heydər Dadaşov |
(051) 375-55-10 |
2 otaq, 5 çarpayı |
Basqal qəsəbəsi 40.753224,48.390361 |
|
Qonaq evi |
Turacxanım Bağırova |
(050) 363-02-56 |
5 otaq, 10 çarpayı |
Basqal qəsəbəsi 40°44'45.8"N 48°23'17.0"E - Google Maps |
|
Hotel |
“Basqal Resort & Spa” |
183 otaq, 415 çarpayı |
https://www.google.com/maps/place/Basqal+D |
NƏ YEMƏLİ?
Basqal mətbəxi ət, süd məhsulları və dağ bitkiləri ilə hazırlanan zəngin ənənəvi yeməkləri ilə seçilir. Mövsümlərə uyğun formalaşan yerli mətbəx həm kənd həyatını, həm də bölgənin təbii zənginliyini əks etdirir.
Çörəklər: Sac əppəyi, yuxa, lavaş, fətir və təndir çörəyi.
Göyərti yeməkləri: Kətə, kükü, səbzi və dovğa kimi yeməklər yerli otlar və göyərtilərlə hazırlanır.
Süd məhsulları: Süd, pendir, qaymaq, şor, qatıq və ayrandan hazırlanan qurut şorbası.
Ət yeməkləri: Piti, dolma, kabab, cızbız və qovurma ilə yanaşı, Basqalın məşhur pip dolması (həlimaşı) xüsusi yer tutur.
Plovlar: Döşəmə plov və əriştə plov bölgənin ənənəvi plov növlərindəndir.
Şirniyyatlar: Basqal halvası, şəkərbura, qoğal və ballıbadı yerli mətbəxin sevilən təamlarındandır. Basqal halvası “Slow Food” təşkilatının “Ark of Taste” kataloqunda qeydiyyata alınmışdır.
İçkilər: Səhləb, çiyələk və moruq şərbətləri, həmçinin işgəncəbi ənənəvi içkilər sırasındadır.
Mürəbbə və bəkməzlər: Qızılgül ləçəklərindən, “Slow Food” beynəlxalq təşkilatının "Ark of taste" biomüxtəliflik kataloqunda İsmayıllı rayonu adından qeydiyyatdan keçmiş yabanı Qafqaz itburnusundan və tutdan hazırlanan mürəbbə, gülqənd və bəkməzlər Basqal süfrəsinin ayrılmaz hissəsidir.
NECƏ GETMƏK OLAR?
Basqal Bakı şəhərindən təxminən 160 km məsafədə, Dağlıq Şirvan bölgəsində yerləşir. Qəsəbəyə həm şəxsi avtomobil, həm də ictimai nəqliyyat vasitəsilə getmək mümkündür.
Şəxsi avtomobillə: Bakı-Şamaxı-İsmayıllı avtomobil yolu ilə təxminən 3-3,5 saatlıq yol qət edərək Basqala çatmaq olar.
İctimai nəqliyyatla: Bakı Beynəlxalq Avtovağzal Kompleksindən İsmayıllı istiqamətinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. İsmayıllıdan isə taksi və ya yerli nəqliyyat vasitələri ilə Basqala getmək mümkündür.
NƏ VAXT GETMƏK DAHA YAXŞIDIR?
Yaz (mart-may): Təbiətin canlandığı, yaşıllığın və çiçəklərin artdığı dövr. Piyada yürüşləri və kənd həyatı ilə tanışlıq üçün əlverişlidir.
Yay (iyun-avqust): Sərin dağ havası və təmiz təbiət Basqalı yay istirahəti üçün ideal məkana çevirir.
Payız (sentyabr-noyabr): Rəngarəng meşə mənzərələri, məhsul mövsümü və rahat hava şəraiti ilə seçilir.
Qış (dekabr-fevral): Qarlı dağ mənzərələri və sakit atmosfer Basqalın fərqli və romantik görünüşünü təqdim edir.
Yürüş və açıq hava fəaliyyətləri üçün ən uyğun dövr: Aprel-oktyabr ayları.
QORUQ SİYASƏTİ
- Tək istifadəlik plastiklərin azaldılması siyasəti.
- Bərabər məşğulluq imkanları siyasəti.