Aprelin 21-də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki Azərbaycan Turizm Bürosu (ATB) və Qoruqları İdarəetmə Mərkəzinin (QİM) təşkilatçılığı ilə Basqal qəsəbəsi üçün Dayanıqlı Turizm Strategiyasının hazırlanması layihəsi çərçivəsində seminar keçirib.
“Basqal Resort & Spa”da təşkil olunan seminarda yerli hökumət qurumları və kənd icmaları iştirak edib.
Seminar strategiyanın əsas məqsədlərini, istiqamətlərini və növbəti addımlarını, eləcə də Basqalın turizm potensialını və əsas inkişaf imkanlarını əks etdirən təqdimatla açılıb.
Yerli sakinlər və hökumət nümayəndələri də daxil olmaqla iştirakçılar turizm məhsullarının inkişafı, infrastruktur və nəqliyyat problemləri, icma iştirakı və faydaları, qadınların və gənclərin turizmə cəlb olunması, ətraf mühitin və mədəni irsin qorunması məsələlərini müzakirə ediblər.
Seminar strategiyanın fəaliyyət planının əsas istiqamətləri barədə razılığa gəlinməsi ilə başa çatıb və yerli kənd sakinlərinin təklifləri qeydə alınıb.