Xınalıq: ucqar dağ kəndinin tapmacaları və sirləri

“Baku” jurnalının 2026-cı il may-iyun sayında beş min illik tarixə malik olan, Bazardüzü, Tufandağ, Şahdağ və Qızılqaya zirvələrinin əhatəsində, dəniz səviyyəsindən iki min metr yüksəklikdə yerləşən Xınalıq kəndinə həsr olunmuş məqalə dərc olunub.

Yelena Averinanın hazırladığı “Xınalıq: ucqar dağ kəndinin tapmacaları və sirləri” adlı məqalədə bildirilib ki, yüksək dağlıq Azərbaycan kəndi Xınalıq əsrlər boyu xarici dünyadan təcrid olunmuş şəkildə mövcud olub. O, öz görünüşünü və hətta yalnız yerli sakinlərin danışdığı dili qoruyub saxlayıb. Eyni zamanda Xınalığın tarixində bir çox boş səhifələr qalıb. Arxeoloji kəşflər bu uzaq keçmişin hadisələrini yalnız bu yaxınlarda aşkar etməyə başlayıb.

Müəllif vurğulayıb ki, yaşayış məntəqəsinin yaşının göstəricilərindən biri onun nekropolunun ölçüsüdür. Xınalığın ətrafında səkkiz qədim qəbiristanlıq var ki, onların ümumi sahəsi müasir kənddən xeyli böyükdür. Bu, dolayı yolla sübut edir ki, burada insanlar çox uzun müddət yaşayıblar. Daşlar və torpaq müxtəlif mədəniyyətlərin və sivilizasiyaların izlərini daşıyır.

Məqalədə “Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun direktoru Həsən Ağayevin, arxeoloq İdris Əliyevin fikirlərinə də yer verilib.

Özündə ən zəngin etnoqrafik dəyərləri daşıyan əfsanəvi yaşayış məntəqəsi haqqında məqalə ilə daha yaxından tanış olmaq üçün bu linkdən keçid edə bilərsiniz: “Xınalıq: ucqar dağ kəndinin tapmacaları və sirləri”

Xəbərlərə abunə olun