Bakı şəhərində keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (World Urban Forum XIII) çərçivəsində Bakı Olimpiya Stadionun “Azərbaycan Pavilyonu”nda məhəllə tipli yaşayış mühitinin dayanıqlığının gücləndirilməsinə və ictimai məkanların yenidən formalaşdırılmasına həsr olunan tədbir keçirilib.
Tədbir çərçivəsində şəhər mühitinin transformasiyası, məhəllə əsaslı yaşayış modelləri və ictimai məkanların gələcək inkişaf perspektivləri müzakirə olunub.
Müzakirələrdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri, professor, Əməkdar memar Nizami Qasımzadə də iştirak edib.
O, Dövlət Turizm Agentliyinin tabeliyindəki “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya, “Yuxarı Baş” Milli Tarix-Memarlıq, “Lahıc” Dövlət Tarix-Mədəniyyət və “Basqal” Dövlət Tarix-Mədəniyyət qoruqlarında reallaşdırılan memarlıq layihələri barədə məlumat verib.
Müşavir qeyd edib ki, Quba, Şəki və İsmayıllı rayonlarını əhatə edən tarixi yaşayış məntəqələrində görülən işlərin əsas hədəfi kəndin, qəsəbənin qədim memarlıq üslubunu, tarixi görkəmini bərpa etmək və qoruyub saxlamaq, eyni zamanda oranı turistik məkana çevirməkdir.
Əməkdar memar N.Qasımzadə vurğulayıb ki, Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Xocavənd rayonunun Tuğ kəndində də eyni qaydada bərpa-quruculuq işləri həyata keçiriləcək.
O bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 16 iyun 2023-cü il tarixli sərəncamı ilə Tuğ kəndinin tarixi ərazisi "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan olunub. Burada Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələri mövcuddur. Tuğ kəndində həyata keçiriləcək layihələr zamanı bu yaşayış məntəqəsinin tarixi siması və memarlıq üslubu, eyni zamanda tarixi abidələrlər bərpa olunacaq, mühafizə ediləcək və ərazi turistlərin ziyarət edəcəyi məkana çevriləcəkdir.
Müşavir N.Qasımzadə müzakirələrdə maraq doğuran sualları ətraflı cavablandırıb.