"Şəhər Günü" münasibətilə Şəkidə mədəni proqram təşkil olunub

İyulun 11-də "Şəhər Günü" münasibətilə Şərq memarlığının nadir şah əsəri, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayının qarşısında mədəni proqram təşkil olunub.

Tədbirdə iştirakçılara Azərbaycanın tanınmış modelyeri Leyla Babazadənin müəllifi olduğu milli geyim kolleksiyası təqdim olunub. Qeyd edək ki, Leyla Babazadən UNESCO-da fərdi kolleksiyasını təqdim etmiş ilk azərbaycanlı modelyerdir.

Defiledən sonra tədbirdə Azərbaycan muğam sənətinin ecazkar nümunələri səslənib, həmçinin iştirakçılara milli rəqs nömrələri təqdim edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək "Şəhər Günü" çərşivəsində tədbirlərin keçirilməsinə  dəstək göstərən qurumlara və şəxslərə təşəkkür edib.

Tədbirin sonunda "Şəhər Günü" münasibətilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələrin mühafizəsi, Şəki şəhərinin tarixi-mədəni irsinin qorunması, milli-mədəni dəyərlərinin, turizm potensialının təbliği və beynəlxalq səviyyədə tanıdılması, şəhərin tarixi küçələrinin bərpası sahəsində xüsusi xidmətlərinə görə bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin təltifləri və xatirə hədiyyələri təqdim edilib.

Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti

Xəbərlərə abunə olun