“İnsan hüquqları” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə elan edilən, 18 may - 18 iyun tarixlərini əhatə edən "İnsan Hüquqları Aylığı” çərçivəsində iyunun 17-də Dövlət Turizm Agentliyinin (DTA) və tabe qurumların əməkdaşlarının iştirakı ilə “İnsan hüquqları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DTA-nın Hüquq sektorunun əməkdaşı Ülviyyə Süleymanova insan hüquqlarının fundamental mahiyyəti, tarixi təkamül mərhələləri barədə məlumat verib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında yer alan hüquq və azadlıqlar, həmçinin digər qanunvericilik aktları diqqətə çatdırılıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub, həmçinin Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilib.

Tədbirdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyadan, “Turizm haqqında” qanunda turistlərin hüquq və vəzifələrindən də danışılıb.

İnteraktiv keçən tədbir çərçivəsində iştirakçılarla fikir mübadiləsi aparılıb, həmçinin onların maraq doğuran sualları cavablandırılıb.

Xəbərlərə abunə olun