Azərbaycanın zəngin memarlıq irsinin ən qiymətli nümunələri

CBC TV-nin "Это Азербайджан" verilişinin növbəti buraxılışları Şəkinin tarixi-memarlıq abidələrinə həsr olunub.

Verilişin müəllifi və aparıcısı Mixail Altuxov çəkiliş prosesində "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinə baş çəkib.

Verilişdə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun memar-bərpaçısı Sehran Məmmədov və bələdçisi Rəvanə Əzizova Yuxarı Karvansaranın tarixi mahiyyəti, memarlıq xüsusiyyətləri, “Kiş” Tarix-Memarlıq Qoruğunun bələdçisi Gülnarə Kərimova Qafqazın ən qədim məbədi hesab olunan Kiş Alban məbədi barədə məlumat veriblər. Şirniyyatçı Tahir Seyidov isə Şəkinin məşhur tel halvasının hazırlanma qaydasını əyani nümayiş etdirib.

Veriliş zamanı Şəkinin zəngin tarixi-mədəni irsi, qoruq ərazisində yerləşən digər memarlıq abidələri və onların qorunması istiqamətində görülən işlər haqqında ətraflı danışılıb. Xüsusilə, Yuxarı Karvansaranın tarixi mahiyyəti, onun əsrlər boyu Böyük İpək Yolunun mühüm ticarət mərkəzlərindən biri kimi oynadığı rol diqqətə çatdırılıb.

Verilişdə qeyd olunub ki, Yuxarı Karvansara Şəkinin iqtisadi, mədəni və ictimai həyatının ayrılmaz hissəsi olub, müxtəlif ölkələrdən gələn tacirlərin görüş və ünsiyyət məkanı kimi fəaliyyət göstərib. Bu gün isə abidə öz tarixi simasını qoruyaraq Azərbaycanın zəngin memarlıq irsinin ən qiymətli nümunələri sırasında yer alır.

Qeyd edək ki, CBC TV-nin hazırladığı bu veriliş “Şəhərsalma və memarlıq ili” çərçivəsində Şəkinin dünya əhəmiyyətli mədəni irsinin daha geniş auditoriyaya tanıdılmasına xidmət edir.

 

Xəbərlərə abunə olun