Şəki Aİ-nin müsabiqəsində qalib oldu

Avropa İttifaqının başladığı “EU4Culture” layihəsi əsasında bu təşkilatın Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 min avro qrant alacaq üç seçilmiş şəhərin adları açıqlanıb.

Qrant müraciətləri üçün müsabiqə 2021-ci ilin may ayında başlayıb. Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib.

Layihənin Azərbaycan üzrə koordinatoru Firuzə Bağır bildirib ki, “EU4Culture” Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihə regionun sosial inkişafına töhfə vermək məqsədi daşıyır. Layihənin büdcəsi 7 milyon 850 min avro təşkil edir və bu məbləğ Avropa tərəfdaşlığı ölkələri əsasında bərabər paylaşdırılacaq.

Bildirib ki, Goethe İnstitutu, Gürcüstandakı Fransa İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri “EU4Culture” layihəsinin həyata keçirilməsinə dəstək verən qurumlardır.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko söyləyib ki, “Eu4 culture” Azərbaycanın Avropa İttifaqı ilə qurduğu mədəni əlaqənin başqa bir nümunəsidir. Qeyd edib ki, mədəni dəyərlər gələcəyin qurulmasında önəmli rol oynayır.  Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov Avropa İttifaqı ilə işləməkdən məmnun olduğunu deyib.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov agentliyinin fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, Qafqaz regionunda turizm məhsullarının səmərəli istifadə edilməsi nazirliyin əsas vəzifələrindəndir.

Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra Azərbaycandan Şəki, Xırdalan və Lənkəran şəhərləri ikinci mərhələnin qalibi seçilib. Seçilmiş şəhərlər Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30 min Avroya qədər qrant alacaqlar. Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300 min Avroya qədər qrant alacaq.

Sonda Peter Mixalko seçilmiş şəhərlərin icra başçılarına rəsmi olaraq qrant sertifikatlarını təqdim edib.

Qeyd edək ki, müsabiqə qaliblərlərindən biri Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğudur.

Xəbərlərə abunə olun