Basqaldan reportaj

Ölkəmizdə yüzlərcə yaşayış məntəqəsinin yalnız ikisinin sakinləri məntəqənin aid olduğu rayonun deyil, özlərini məhz məntəqənin sakini kimi qeyd etməsi, etiraf edim ki, məni daim düşündürürdü. Ziyarətimin sonunda bu suala cavab tapa bilməyimə çox sevindim. Ziyarət etdiyim məntəqə qəsəbə olsa da sakinləri məhz basqallı olmaları ilə fəxr edirlər. Bəli, söhbət İsmayıllı rayonunun Basqal qəsəbəsindən gedir.

Qədim tarixi, zəngin mədəni irsi, gözəl mətbəxi, təmiz havası və dəyərli insanları ilə seçilən qəsəbə sakinlərinin bu gün əsas məqsədi məhz bu məqamları layiqincə qorumaqla bütün parametrlərlə gələcək nəslə çatdırmaqdır.

Qəsəbədə olduğum günlərdə hər dəqiqəsindən səmərəli şəkildə istifadə etməyə çalışdım. Balaca dostum Ələkbərlə qəsəbənin “Bazar meydanı”nı, “Qalabaşı” məhəlləsini, “Pirüstünü”, kiçik Basqal çayının sahilinə bitişik meşə zolağını doyunca gəzdim. Yorulmadım. Ciyərlərimə çəkdiyim təmiz oksigenli hava sanki mənə ikinci nəfəs verir, gücümü artırırdı.

“Qalabaşı” Basqalın ən hündür məhəlləsidir. Qalabaşının üstündə qədim müdafiə qalasının izləri bu gün də qalmaqdadır. Buradan baxanda Basqalın hər tərəfini sərbəst şəkildə görmək, seyr etmək mümkündür. İllər öncə qəsəbənin amfiteatr kimi salındığını müşahidə etmək olar. Qalabaşına gedən yoldakı döngələri ehtiyatla qalxmaq lazımdır ki, sürüşüb yıxılmayasan. Bu işdə Ələkbərin tovsiyələrinə mütləq qulaq asmaq lazım idi. Ələkbəri görən sakinlər isə dayanıb on ikiyaşlı balaca kişiylə hal-əhval tutmağı özlərinə borc bilir və bu addımlarından zövq alırdılar. Balaca dostum isə hər dayanışda edilən müraciətə təmkinlə, ağayana cavab verir və mehribanlıqla ayrılırdı.

***

Qəsəbədə olduğum müddətdə apardığım müşahidələrdən belə qənaətə gələ bilərəm ki, Basqal bir çox cəhətləriylə Şirvanın digər əsrarəngsiz yerlərindən fərqlənir.

Fikrimcə, Basqalı Şirvanın digər ərazilərindən fərqləndirən cəhətlərdən biri ərazinin mineral bulaqlarla zəngin olmasıdır. Təkcə elə qəsəbənin özündə yeddi qədim bulaq var.

Biri digərindən saflığı ilə seçilən Qoşabulaq, Dambulu, Hacı Cəbi bulağı, Mijgon bulağı, Hüseyn bulağı, Papaqqı bulağı və Xarabiyan bulağı öz aurasıyla gələn qonaqlarda xoş ovqat yaradır. Bu bulaqların hər birinin iki yüz ildən artıq yaşı var və ətrafı memarlıq baxımından gözəl düzəldilib. Bir çoxları bu gün qədim abidə kimi qorunur.

Basqalı fərqləndirən başqa bir məqam buranın “kəlayağı”sıdır. Əlavə edim ki, kəlağayı — Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Son ikiyüzillik mədəni inkişaf tariximizdə kəlağayıçılıq yalnız iki mərkəzdə - Basqal və Gəncədə öz inkişafını tapıb. Hazırda qəsəbədə, həm “Kəlayağı” muzeyi, həm də istehsal sahəsi fəaliyyətdədir. (Bu barədə qeydlərimi daha geniş şəkildə növbəti yazıda təqdim edəcəyəm.) Bir faktı qeyd edim ki, “Kəlağayı” 2014-cü ilin noyabrında UNSEKO-nun 9-cu sessiyasında Azərbacyan  kəlağayı sənəti dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilimişdir.

Deməliyəm ki, Basqalı fərqləndirən və diqqətimi çəkən digər əsas bir məqam isə onun mətbəxi və xüsusəndə gələn günü süfrəyə gətirilən, çox ustalıqla hazırlanmış “həlimb aşı”dır. Buğdadan və mal ətindən hazırlanan bu qida məhsulu çox kalorili olduğundan səhər yeməyi üçün nəzərdə tutulur. Sıyıq kimi duru halda olur. Ancaq bişirməyi çox vaxt aparır və “hədik” yeməyi kimi hazırlanması əziyyət tələb edir. Sürpriz olaraq bizlərə “həlim aşı”nı isə basqal mətbəxinin bilicisi balaca Ələkbərin anası təqdim etmişdi.

***

Basqalda olduğum günlərin birində isə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müdiri Araz Manaflı ilə “Bazar meydanı”nda görüşdüm.

Müvəqqəti yerləşdikləri inzibati binaya qonaq dəvət etdi. Basqalın qədim binalarının birində fəaliyyət göstərən qoruğun binasında həm də qəsəbə ərazisində əldə edilən və arxeoloji qazıntılar zamanı aşkar edilən eksponatlardan təşkil edilən zəngin fond yaradılıb. Binada ən müasir mühafizə sistemi quraşdırılıb.

Qoruq müdirinin sözlərinə görə, qəsəbədə yeddi məhəllə var: Qoşabulaq, Kələküçə, Qəlibgah, Qalabaşı, Dərəməhəllə,  Xarabiyan, Çayqırağı

Qoruğun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr və Bazar meydanı yerləşir:

- Hazırda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ilin 3 oktyabr tarixində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Bundan əvvəl isə Basqal Azərbaycan SSR Nazirlər Sovetinin 28 iyul 1989-cu il tarixli 316 saylı qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan olunub. Dövlət Turizm Agentliyi “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. 1989-cu ildə təşkil edilən qoruğun sahəsi 76 hektar olub.

Qədim Basqalın hələlik iki abidəsi dövlət qedyyatına alınıb. 1568-ci ilə aid edilən Şeyx Məhəmməd məscidi və XVII əsrə aild edilən hamam. Maraqlı məqam ondadır ki, məscidin yanında olan Xan çinar məscidi inşa edən Şeyx Məhəmmədin oğlu Şeyx Səfai tərəfindən məscidin inşasından təxminən 30 il sonra əkilib.

Qoruq ərazisində olan 54 tarixi əhəmiyyət daşıyan binanın dövlət qeydiyyatına alınması üçün müvafiq qurumlara müraciət göndərilib. Bu müraciət qəbul olunmuş olsa, həm o binalar dövlət tərəfindən qorunacaq, həm də sakinlər kənd turizminin inkişafı üçün əlavə maliyyə istiqaməti qazanmış olacaqlar.

Söhbət zamanı məlum oldu ki, Şeyx Məhəmməd məscidində aparılan arxeoloji qazıntılar zamanı məscidin salındığı yerdə səkkiz mədəni təbəqə aşkar edilib. Hazırda məsciddə arxeoloji qazıntı işləri başa çatdırılıb. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Hacı Bədəl məscidi, qədim su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Prezdent sərəncamından ötən müddət ərzində qoruqda layihələndirmə işləri tamamlanmış, Bazar meydanında olan XVII əsrə aid olan hamamın bərpası yekunlaşmaq üzrədir. Bazar meydanında qoruq üçün inzibati binanın da inşa edilməsi nəzərə tutulub. Pandomiya ilə əlaqədar bərpa işlərində ləngimələr olsa da, bu gün sürətlə bu iş davam etməkdədir. Qoruq olaraq əsas məqsədimiz kənd turizminin inkişafına nail olmaqdır. Həm Basqalın qədim tarixini yaşatmaq və təbliğ etməklə qəsəbə sakinlərini əlavə maliyyə vəsaiti qazandırmaq istəyindəyik. Bunun üçün ciddi bir layihəyə imza atmışıq. Hazırda kənddə min nəfərə yaxın sakin qeydiyyatdadır. Yayda qonaq gələnlərlə birgə əhalinin sayı 1500 nəfəri keçir.

Tarixçilərin sözlərinə görə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi isə qədim Alban dövlətinə aid olub. Digər maraqlı məqam Basqalın 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olmasıdır.

***

Son olaraq deyim ki, “Qala başı” sözü əslində Basqalın əsas mənalarından bir kimi yozulur. “Həlim aşı” isə əsil Basqal mətbəxinə aid olan yeməkdir. Məhz elə bu səbəbdən yazıya belə başlıq yazdım.

Bu gün Basqal mətbəxinin də dərindən öyrənilməsinə və təbliğinə ehtiyac var.

Fikrimcə, İsmayıllı RİH tərəfindən Basqala diqqət artırılmalıdır. Tək qoruğa aid olan hissə deyil, qoruğa bitişik ərazi Pirüstü – “o tay” deyilən ərazi, habelə qəsəbənin giriş hissəsi diqqətdə saxlanılmalı və ərazinin təmizliyinə diqqət artırlmalı və inkşafı üçün yaradılan münbit şəraitdən maksimum yaralanılmalıdır.

 Beləliklə, qədim tarixə, zəngin mədəni irsə, gözəl mətbəxə, təmiz havaya, çoxsaylı mineral bulaqlara və qeyi-adı şivəyə (ləhcəyə) sahib olduqlarından qəsəbə sakinlərinin özlərini birbaşa BASQALLI kimi qədim etməyə haqqları çatır.

Müəllif: Vüqar Tofiqli
Belediyye.info 

http://belediyye.info/new/details/qala-basinin-helim-asi--6579.htm 

 

Xəbərlərə abunə olun