Şəki Dövlət Rəsm Qalereyası

Şəki şəhəri, Yuxarı baş qala divarları

1895-ci ildə  Çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilın bu tarixi tikili 1982-ci ildən Rəsm Qalereyası kimi istifadə edilir. Bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. O, çay daşı və bişmiş kərpic materiallarından, yerli memarlıq üslubunda tikilmiş tarixi tikilidir. Bir mərtəbəli bina  dörd zaldan və dörd otaqdan ibarətdir.  Bina qərbdən və cənubdan Qala divarları ilə əhatə olunub.

Rəsm Qalereyası  Binanın tarixi-memarlıq dəyərləri qorunmaqla Dövlət Turizm Agentliyi tərəfindən 2022-ci ildə bərpa edilmişdir.

Rəsm Qalereyasının fonduna 254 ədəd eksponant vardır. Bu 254 eksponantdan 69 ədədi hazırda ekspozisiyada sərgilənir, 185 ədədi qalereyanın fond otağında saxlanılır. Qalereyada sərgilənən 69 eksponantdan 61 ədədi rəsm əsəri (25 qrafika, 31 rəngkarlıq, 5 dekorativ-tətbiqi sənət əsəri), 8 ədədi isə heykəldir.

Qalereyada həm ölkə, həm də Şəki miqyasında məşhur Azərbaycan rəssamlarının sənət işləri sərgilənir. Ekspozisiyanın qurulması zamanı xüsusən nəzərə alınmışdır ki, incəsənət əsərləri Azərbaycan incəsənət tarixini, onun mövzu və üslubca müxtəlif istiqamətlərini, müxtəlif inkişaf dövrlərini dərindən başa düşməyə kömək etsin.

Qalereya fəaliyyətə başladığı vaxtdan indiyədək burada bir-birindən rəngarəng sərgilər təşkil olunub.  Çox sayda rəssamın yaratdığı əsərlərin, eləcə də gənc istedadların üzə çıxarılmasında fərdi sərgilərin təşkili ənənə şəklini alıb. Fərdi sərgiləri təşkil olunmuş gənclərin demək olar ki, əksəriyyətinin sorağı Rəssamlıq Akademiyasından gəlir.

Zəngin fonda malik qalereyada vaxtaşırı sərgilər təşkil olunmaqla yanaşı, yerli rəssamların satış sərgiləri də keçirilir. 

Rəsm Qalereyasının ekspozisiya zallarında müəyyən mövzular üzrə əsərlər nümayiş etdirilir:

  1. Birinci zalda 1950-1970-ci illərdə rəssamların əsasən İkinci dünya Müharibəsinin xatirəsinə, bəzi tarixi və ənənəvi məşğuliyyət sahələrinə, tarixi-mədəni irsə öz əsərlərini həsr etdiyini görürük.
  2. İkinci zalda 1960-1980-ci illərdə Azərbaycan rəssamlarının bəzi milli idman növlərinə, sənətkarlıq sahələrinə, sadə insanların gündəlik həyatına həsr etdiyi əsərləri görürük.
  3. Üçüncü zalda isə əsasən Azərbaycan incəsənətinin müxtəlif janr və üslublarını əks etdirən sənət əsərlərini görə bilirik.

    Ekspozisiyadakı incəsənət əsərlərinin mühafizəsi üçün müvafiq tempratur və rütubət rejiminə əməl edən sistem quraşdırılmışdır.

Əsas mərkəzi sənət əsəri :

  • Birinci zalda “Maral Rəhmanzadə”nin kələğayı geyinmiş qadın
  • İkinci zalda “ Zəngəzurda” əsərində yaylağa köç edən sürü
  • İkinci zalda “ Qaragöl” əsəri (Laçın rayonunda, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yerləşən göl)
  • Üçüncü zalda mərkəzi divarda Azərbaycanın görkəmli rəssamları Altay Sadıqzadənin Sahil əsəri, Sakit Məmmədovun Şərq motivi, Elbəy Rzaquliyevin Qırmızı Atlılar əsəri nümayiş edilir.

Şəki Dövlət Rəsm Qalereyası 16 avqust 2019-cu ildə  Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib.

Xəbərlərə abunə olun