“Zəfərdən Zəfərə dalğalanan bayrağım” adlı tədbir keçirilib

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Zəfərdən Zəfərə dalğalanan bayrağım” adlı tədbir keçirilib.

Azərbaycan Hərb Tarixi Muzeyinin, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun və “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, rayon dövlət qurumlarının təmsilçiləri, müharibə veteranları, idarə və müəssisələrin kollektivləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babai, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qənizadə çıxışlarında 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın misilsiz əzm və iradə nümayişinə görə tarixi Zəfər qazandığımızı bildiriblər. Qeyd olunub ki, qəhrəman şəhidlərimizin canı-qanı bahasına qazanılan bu Qələbə ilə Azərbaycan xalqı daha bir Zəfər salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Suraxanı rayonunun Vətən müharibəsində 54 şəhid verdiyi vurğulanıb. 

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədri Zamin Zeynalov, Əməkdar artist Ağalar Bayramov Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında Ordumuzun peşəkarlığından danışıb, xalqımıza Zəfər sevinci bəxş edən şəhidlərimizin xatirəsinin ən dərin ehtiramla yad olunduğunu, şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğının göstərildiyini bildiriblər. 2-ci Vətən Müharibəsi İştirakçısı     döyüş xatirələrini bölüşüblər. Sonda Vətən Müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də tədbir iştirakçılarına nümayiş etdirilib. 

Tədbirin sonunda Vətən müharibəsində düşməndən qənimət götürülən silah-sursatın nümayiş etdirildiyi sərgiyə baxış keçirilib və qoruğa ekskursiya təşkil olunub. Gülarə Əliyeva adına 3 № Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında vətənpərvər mahnılar səsləndirilib. 

 

Xəbərlərə abunə olun