Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş tədbirlər keçirilib

Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində olan müəssisələr və muzeylərdə bir sıra tədbirlər keçirilib. 

“Şanlı Vətənim” sərgisi təşkil olunub

Şəki Tarix Diyarşünaslıq muzeyində təşkil olunan “Şanlı Vətənim” adlı tədbirdə Şəki Dövlət Rəsm Qalereyasının direktoru İlahə Məmmədova, baş fond mühafizəçisi Sevda Məmmədova və elmi işçisi Səbinə Şıxəliyeva çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi haqqında məlumat veriblər. İkinci Qarabağ müharibəsinin iştirakçısı Kamran Kərimov müharibə dövründə şahidi olduğu sarsılmaz xalq-ordu birliyindən söz açıb. 

Sonra sərgiyə baxış keçirilib. Sərgidə Şəki Uşaq İncəsənət məktəbi şagirdlərinin əl işləri nümayiş etdirilib. Qrafika janrında təsvir olunan bu əsərlərdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin portretləri əks etdirilib. 

“Qarabağ fatehləri” mövzusunda ustad dərsi keçirilib

Şəki Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Tarix Diyarşünaslıq muzeyində “Qarabağ Fatehləri” mövzusunda ustad dərsi də keçirilib. Uşaq İncəsənət məktəbinin rəssamlıq şöbəsinin müəllimi Aynur Məsimova tərəfindən keçirilən təlimdə şagirdlərə maraqlı məlumatlar təqdim olunub. 

Qalereyanın əməkdaşları Zəfər Günündə Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini yad ediblər. Həmçinin, şəkili qəhrəman, şəhid Toğrul Nağıyevin ailəsini ziyarət ediblər.

Lahıc Tarix-Diyarşünaslıq Muzeyində “Açıq qapı “ günü

Lahıc Tarix-Diyarşünaslıq Muzeyində Zəfər günü və Dövlət Bayrağı günü ilə bağlı “Açıq qapı “ günü elan edilib. Muzeyin qarşısında keçirilən tədbirdə çıxış edənlər Azərbaycanın keçdiyi zəfər yolundan, Lahıcdan şəhid olan qəhrəmanlar haqqında danışıblar. Daha sonra qonaqlar muzeyi ziyarət ediblər, buradakı eksponatlarla yaxından tanış olublar. Ziyarətçilərə Lahıcın tarixi haqqında ətraflı məlumat verilib. 


Şəki Xan Sarayı qarşısında zəfər bayramı təşkil olunub

Zəfər Günü münasibətilə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun təşkilatçılığı ilə Şəki Xan sarayı qarşısında tədbir keçirilib. Qoruq idarəsi, Şəki Xan Sarayı abidəsinin kollektivinin üzvləri şəhər sakinləri və turistlərə İkinci Vətən Müharibəsi, Azərbaycanın apardığı haqq savaşı, əldə olunan şanlı zəfər haqqında məlumat veriblər. Tədbir musiqi proqramı ilə davam edib. Toplantı turistlər tərəfindən maraqla qarşılanıb. 


 

Xəbərlərə abunə olun