QİM təmsilçisi Avropa Keramika Marşrutunun Baş Assambleyasında iştirak edib

Fransanın Limoj şəhərində Avropa Keramika Marşrutunun Baş Assambleyası keçirilib. Avropa Şurasının keramika marşrutuna yeni üzv qəbul edilən Şəki şəhərini təmsil edən Dövlət Turizm Agentliyi də bu il ilk dəfə olaraq yığıncağın işində iştirak edib.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin nümayəndəsi Şeyda Allahverdiyevanın iştirak etdiyi toplantıda Avropa Keramika Marşrutunun fəaliyyəti ilə bağlı planlar, üzv şəhərlər və təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbir iştirakçıları Limoj keramikasının 250 illiyi münasibətilə keçirilən tədbirlərə də qatılıblar, həm şəhərin gəzməli-görməli yerlərini, həm də yerli “Royal Limoges” keramika muzeyini ziyarət ediblər.

Xatırladaq ki, ötən il Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Şəki şəhəri Avropa Keramika Marşrutuna üzv seçilib. Avropa Keramika Marşrutu – 2012-ci ildə Avropa Şurası tərəfindən sertifikatlaşdırılmış mədəni marşrutdur. Bu hərəkatın məqsədi keramika istehsalı və bu sahəyə dair qədim ənənələrlə bağlı mədəni irsi dəyərləndirmək, dayanıqlı turizm təklifi yaratmaq və bununla da  ümumilikdə mədəni və sosial inkişafa nail olmaqdır.  

Xəbərlərə abunə olun