“Qarabağa gedən yol” adlı sərgi keçirilib

Şəki Xalq Tətbiqi Sənəti Muzeyində "Qarabağa gedən yol" adlı sərgi təşkil olunub. Sərgidə vaxtilə Qarabağda geniş yayılmış, lakin indi unudulmaqda olan keçəçilik sənəti, həmçinin təkəlduz sənətinə dair nümunələr, milli gəlinciklər  sərgilənib. Sərgidə yer alan eksponatlar bədii tikmə ustaları Vəfa və Aysel Mustafayeva bacılarına məxsus olub.

Tədbirdə həm keçəçilik, həm də təkəlduz sənətinə dair 30 əsər sərgilənib. Əsas motivləri Qarabağ diyarı və Şuşaya aid olan bu sərgidə Xarı bülbülün əks olunduğu əsərlər də yer alıb.

Qeyd edək ki, keçəçilik sənət nümunələri əsasən yundan hazırlanır. 1993-cü ilədək bu sənət növü Qarabağ bölgəsində geniş yayılmışdı. İşğal dövründə isə insanlar öz yurdlarından didərgin düşdükləri üçün keçəçilik sənəti də unudulmağa başlayıb.

Şəkili bədii tikmə - təkəlduz ustaları Vəfa və Aysel Mustafayeva  bacıları bu sənətə yenidən can veriblər. Keçə ilə təkəlduz sənətinin sintezini yaratmaqla bir ilkə imza aıblar. Qeyd edək ki, indiyədək keçənin üzərində rəsm əsərləri işlənilsə də, təkəlduzun işlənməsi ilk dəfədir. Xatırladaq ki, keçəçilik sənəti haqqında xalqımızın mədəni faktlarla zəngin "Dədə Qorqud" dastanında da maraqlı faktlar yer alır.

Xəbərlərə abunə olun