Bina 1895-ci ildə çar Rusiyasının hərbi hissələri üçün kazarma məqsədilə tikilib. Bir mərtəbəli bina dörd zaldan və dörd otaqdan ibarətdir. Binanın divarları yerli çay daşı və kərpicdən hörülüb. Çardağı taxta konstruksiyalıdır, üstü dəmirlə örtülüb. Bina qərbdən və cənubdan Qala divarları ilə əhatə olunub. 1982-ci ildən Şəki Dövlət Rəsm Qalereyası kimi fəaliyyət göstərir.
Rəsm Qalereyasının fondunda 254 əsər var. Bunlardan 94-ü rəngkarlıq, 77-si qrafika, 65-i dekorativ-tətbiqi sənət, 18-i heykəltəraşlıq işləridir. Fond əsərlərinin əksəriyyəti Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən 1982-86-cı illərdə Qalereyaya verilib. Fondda Azərbaycanın məşhur rəssam, heykəltəraş, qrafika ustaları ilə yanaşı, rus sənətkarlarının da təsviri sənət nümunələri var.
Rəssamlıq sənətinin təbliği və inkişafında qalereyanın üzərinə böyük işlər düşür. Məqsəd əhalinin müxtəlif təbəqələri arasında müasir təsviri və dekorativ tətbiqi sənət əsərlərini təbliğ etmək, yeni yaradıcılıq nümunələrini aşkarlamaq və bu vasitə ilə vətəndaşların estetik zövqünün formalaşmasına, onların bədii dünyagörüşü və mədəni təfəkkürünün inkişafına imkan yaratmaqdır.
Qalereya fəaliyyətə başladığı vaxtdan indiyədək burada bir-birindən rəngarəng sərgilər təşkil olunub. Çox sayda rəssamın yaratdığı əsərlərin, eləcə də gənc istedadların üzə çıxarılmasında fərdi sərgilərin təşkili ənənə şəklini alıb. Fərdi sərgiləri təşkil olunmuş gənclərin demək olar ki, əksəriyyətinin sorağı Rəssamlıq Akademiyasından gəlir.
Zəngin fonda malik qalereyada vaxtaşırı sərgilər təşkil olunmaqla yanaşı, yerli rəssamların satış sərgiləri də keçirilir.
Şəki Dövlət Rəsm Qalereyası 16 avqust 2019-cu ildə Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib.