Yerli sənətkarlara dəstək: Basqalda qadınlar üçün kəlağayı sənəti üzrə ustad dərsi keçirilib

Mayın 8-də Azərbaycan Turizm Bürosu (ATB) və Qoruqların İdarəetmə Mərkəzinin (QİM) birgə təşkilatçılığı ilə İsmayıllı rayonunun Basqal qəsəbəsində “Qadınlar üçün kəlağayı sənəti üzrə ustad dərsi” adlı təlim keçirilib.

Təlimdə ənənəvi sənətkarlıqla məşğul olan 15 yerli qadın iştirak edib.

Təlim Azərbaycanın qeyri-maddi mədəni irsinin vacib elementlərindən sayılan və 2014-cü ildə UNESCO-nun Reprezentativ Siyahısına daxil edilmiş kəlağayı sənətkarlığının qorunub saxlanılmasına töhfə vermək, eyni zamanda yerli qadın sənətkarlarının turizm iqtisadiyyatında daha fəal iştirakını təmin etmək məqsədi daşıyıb. İştirakçılara kəlağayının tarixi və mədəni əhəmiyyəti, həmçinin onun orta əsrlərdən etibarən Qafqazın əsas ipəkçilik mərkəzlərindən biri kimi Basqalın kimliyində tutduğu xüsusi yer barədə ətraflı məlumat verilib.

Təlimin praktik hissəsində kəlağayı naxışları, təqdimat üsulları, keyfiyyət standartları və ənənəvi dizaynların müasir ziyarətçi zövqünə və bazar tələblərinə uyğunlaşdırılması məsələləri əhatə olunub. İştirakçılar əl işlərinin yerli və xarici turistlərə turizm tədbirləri, yerli bazarlar, sərgilər və onlayn platformalar vasitəsilə təqdim edilməsi və satışı barədə müzakirələr aparıblar. Qeyd olunub ki, bu yanaşma qadın sənətkarlar üçün birbaşa gəlir imkanlarının yaradılmasına və Basqalın canlı sənət məkanı kimi brendinin güclənməsinə töhfə verir.

Təlim çərçivəsində aparılan müzakirələrdə qadın sahibkarların icma əsaslı turizmin inkişafında və sənət biliklərinin nəsildən-nəslə ötürülməsində oynadığı mühüm rol xüsusi vurğulanıb. İştirakçılar kooperativ istehsal, birgə marketinq və mentorluq modelləri üzrə təcrübə və ideyalarını bölüşüblər. Bu istiqamətlər Basqal Dayanıqlı Turizm Strategiyasının 2028-ci ilədək kəlağayı kooperativinin yaradılması hədəfi ilə üst-üstə düşür. Həmin kooperativ yerli qadın sənətkarları və gəncləri vahid istehsal və satış platformasında birləşdirməyi nəzərdə tutur.

Təlim həmçinin autentik mədəni təcrübələr ilə dayanıqlı turizmin inkişafı arasındakı əlaqəni də ön plana çıxarıb. Kəlağayı sənətinin dayanıqlılığının həm mədəni zərurət, həm də Basqal üçün mühüm iqtisadi resurs olduğu vurğulanıb. Tədbir ATB və QİM-in Dövlət Turizm Agentliyi və yerli icma tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində qadınların turizm vasitəsilə iqtisadi səlahiyyətlərinin artırılmasına yönəlmiş davamlı proqramının bir hissəsidir.

Xəbərlərə abunə olun