Mayın 6-da İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Turizm Bürosu və Qoruqları İdarəetmə Mərkəzi tərəfindən “Turizm biznesinin yaradılması və maliyyə savadlılığı” mövzusunda təlim keçirilib. Təlimdə Basqalın artan turizm potensialını davamlı gəlir mənbəyinə çevirmək istəyən 17 yerli icma üzvü iştirak edib.
Təlim iştirakçılarına turizm sahəsində müəssisələrin yaradılması və idarə olunması ilə bağlı məlumat verilib. Kənd turizm məkanlarında maliyyə planlaşdırılması və davamlı gəlir imkanlarının yaradılması məsələlərinə xüsusi diqqət yetirilib. İştirakçılara turizm biznesinin qurulmasının əsas mərhələləri olan biznes ideyasının yaradılması, bazar təhlili vasitəsilə təsdiqlənməsi, ziyarətçi profillərinin müəyyənləşdirilməsi, rəqabətqabiliyyətli turizm məhsul və xidmətlərinin hazırlanması kimi istiqamətlər izah olunub.
Təlimdə Basqal qəsəbəsinin mövcud imkanlarına diqqət yetirilib, ailə tipli qonaq evləri, ənənəvi sənətkarlıq müəssisələri, yerli qastronomiya təcrübələri və mədəniyyət turları kimi sahələr xüsusilə vurğulanıb. Azərbaycan və beynəlxalq təcrübədə uğurlu kənd turizmi nümunələri xatırladılıb. İştirakçılara praktiki inkişaf yolları təqdim olunub və icma üzvlərinin sahibkarlığa yiyələnməsi təşviq edilib.
Tədbirin ikinci hissəsi olan maliyyə savadlılığı mövzusu büdcə planlaşdırılması, qiymət strategiyaları, gəlir və xərclərin izlənilməsi, həmçinin ilkin kapitalın məhdud olduğu şəraitdə uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsi üsullarını əhatə edib. İştirakçılara həmçinin rəqəmsal marketinq, sosial media vasitəsilə tanıtım və onlayn platformalardan istifadə edərək ziyarətçilərin cəlb edilməsi, həmçinin biznes reputasiyasının formalaşdırılması ilə bağlı praktik tövsiyələr verilib.
Xidmət keyfiyyətinin, peşəkar ünsiyyətin, müsbət müştəri rəylərinin sifarişlərin və biznesin inkişafında əsas amillər olduğu xüsusi vurğulanıb.
Təlim interaktiv formatda keçirilib, iştirakçılara öz ideya və vəziyyətləri ilə bağlı suallar vermək, müzakirələr aparmaq imkanı yaradılıb.
Xatırladaq ki, bu təlim Azərbaycan Turizm Bürosu və Qoruqları İdarəetmə Mərkəzi tərəfindən Basqalda icma əsaslı turizmin inkişafına dəstək məqsədilə həyata keçirilən bir sıra potensialın artırılması tədbirlərindən biridir. Təlim 2026-2028-ci illəri əhatə edəcək Basqal Dayanıqlı Turizm Strategiyasına, həmçinin İsmayıllı Regional Turizm İnkişaf Fəaliyyət Planına uyğun şəkildə təşkil olunub.