Sentyabrın 5-də Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbir təşkil olunub.
Tədbir Dövlət Turizm Agentliyinin tərəfdaşlığı, Şəki Şəhər İcra Hakimiyyətinin və “ABAD” publik hüquqi şəxsin təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirin əsas məqsədi qədim sənətkarlıq ənənələrinin yaşadılması, müasir dövrdə inkişaf etdirilməsi, yaradıcı insanların bir araya gətirilməsi və mədəni dəyərlərin təbliği olub.
UNESCO-nun “Yaradıcı şəhərlər” şəbəkəsinin üzvü olan Şəki şəhərində keçirilən tədbir çərçivəsində “ABAD”çı sənətkarların “Konstitusiya və Suverenlik İli” mövzusunda hazırlanmış əsərlərindən ibarət sərgi təşkil edilib, müxtəlif sənət sahələrinin canlı nümayişləri ictimaiyyətə təqdim olunub.
Qonaqlar Şəkinin zəngin tarixi-mədəni irsi ilə yanaşı, ölkənin müxtəlif bölgələrindən gələn sənətkarların yaradıcılıq nümunələrini də yaxından izləmək imkanı qazanıblar.
Sonda tərəfdaş qurumlar və iştirakçı sənətkarlar qədim sənət ənənələrinin qorunması və təbliğindəki xidmətlərinə görə sertifikatlarla təltif olunublar.