Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə elan edilən, 18 may - 18 iyun tarixlərini əhatə edən "İnsan Hüquqları Aylığı” çərçivəsində mayın 23-də Dövlət Turizm Agentliyinin (DTA) və tabe qurumların əməkdaşlarının iştirakı ilə “İnsan hüquqları” mövzusunda təlim keçirilib.
DTA tabeliyindəki Azərbaycan Turizm Bürosunun əməkdaşı Elvin Əliyev və Qoruqları İdarəetmə Mərkəzinin əməkdaşı Qismət Qasımov tərəfindən keçirilən təlimdə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması, eləcə də Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilməsi haqqında məlumat verilib. Həmçinin insan hüquqları anlayışı, tarixi, nəzəriyyələri, dünya praktikasından nümunələr, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya, “Turizm haqqında” qanunda turistlərin hüquq və vəzifələri, eləcə də digər qanunvericilik aktlarında insan hüquqları ilə bağlı müddəalar haqqında təqdimatlar edilib.
İnteraktiv keçən təlim çərçivəsində iştirakçılarla fikir mübadiləsi aparılıb, həmçinin onların maraq doğuran sualları cavablandırılıb.