Mayın 7-də Azərbaycan Turizm Bürosu (ATB) və Qoruqları İdarəetmə Mərkəzi (QİM) tərəfindən İsmayıllı rayonunun Basqal qəsəbəsində “Qonaq evlərinin turizm yönümlü istifadəsi” mövzusunda təlim təşkil edilib.
Təlimin məqsədi yerli ailələrin qonaq evlərini peşəkar səviyyədə idarə etməsinə dəstək vermək və Basqalın dayanıqlı kənd turizmi məkanı kimi inkişafını gücləndirmək olub. Təlimdə 13 nəfər iştirak edərək kənd qonaqpərvərliyi və yerləşdirmə xidmətlərinin təşkili üzrə bilik və bacarıqlarını artırıb. İştirakçılara qonaq evi idarəçiliyinin əsasları - qonaqpərvərlik standartları, yerləşmənin hazırlanması, gigiyena və təmizlik tələbləri, qonaqlarla ünsiyyət və ümumi xidmət keyfiyyətinin yüksəldilməsi üzrə praktiki məlumatlar təqdim edilib.
Təlimdə Basqalın zəngin mədəni irsinin qonaq təcrübəsinə inteqrasiyası xüsusi diqqət mərkəzində olub. Yerli mətbəx nümunələri, sənətkarlıq ənənələri və kənd həyat tərzinin turist təklifinə daxil edilməsi yolları müzakirə edilib. Bu yanaşmanın Basqalı digər kənd turizm məkanlarından fərqləndirəcəyi və ziyarətçilərdə daha autentik təəssürat yaradacağı vurğulanıb.
Təlim zamanı həmçinin qonaq evlərinin gündəlik idarə olunması və kommersiya fəaliyyəti ilə bağlı məsələlərə də toxunulub. Otaqların idarə edilməsi, qiymətlərin müəyyənləşdirilməsi və rezervasiya sistemlərindən istifadə barədə praktiki izahlar verilib. Eyni zamanda onlayn bron platformaları və sosial media vasitəsilə təbliğatın artırılması, daha geniş auditoriyaya çıxış imkanları müzakirə olunub. Müştəri rəylərinin biznesin inkişafında və etibarın formalaşmasında mühüm rol oynadığı xüsusi qeyd edilib.
Sonda dayanıqlı turizm və məsuliyyətli qonaqpərvərlik mövzularında aparılan müzakirələr yerli qonaq evlərinin kənd icmalarının sosial və iqtisadi inkişafında mühüm rol oynadığını bir daha göstərib. Təlim ATB və QİM-in Basqalda icra etdiyi icma potensialının gücləndirilməsi proqramı çərçivəsində həyata keçirilib. Bu proqram “Basqal Dayanıqlı Turizm Strategiyası 2026-2028”ə uyğun olaraq yerli əhali üçün yeni iqtisadi imkanların yaradılmasına xidmət edir.