Şəki Tarix-Diyarşünaslıq Muzeyi Şəkinin tarix və mədəniyyətini, etnoqrafiyasını tanıtmaq məqsədilə 1925-ci ildə yaradılıb. Muzey Şəki Qala divarları içərisində, yerli memarlıq üslubu ilə Avropa memarlıq elementlərinin sintezi əsasında XIX əsrin ortalarında inşa edilmiş tarixi binanın daxilində yerləşir. Bu binada 2022-2024-cü illərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi ilə bərpa və konservasiya işləri həyata keçirilib. Muzeyin elmi-inventar fondunda 5000-dən artıq maddi-mədəniyyət nümunəsi toplanıb ki, bunun da 2000-dən çoxu ziyarətçilərə nümayiş etdirilir.
Muzey giriş (qəbul) hissəsi, dörd müxtəlif sərgi zalı, Şəki rəssamlarının əsərlərinin nümayiş etdirildiyi qalereya, xatirə əşyalarının satıldığı dükan və inzibati hissədən ibarətdir.
MUZEYİN BİRİNCİ SƏRGİ ZALINDA Şəkinin qədim dövrlərindən Qafqaz Albaniyasına qədərki arxeoloji irsi və abidələri, Qafqaz Albaniyası dövründən başlamaqla orta əsrlərdən Şəki xanlığının süqutuna qədər (XIX əsrin əvvəlləri) maddi-mədəni və tarixi irsi ətraflı nümayiş etdirilir. Burada sərgilənən 5 müxtəlif nehrə 9 min il ərzində nehrənin Azərbaycanda təkamül prosesini əyani şəkildə müşahidə etməyə imkan verir. Bu zonada nümayiş etdirilən saxsı qablar öz unikal formaları, heyvan və insanabənzər formaları ilə diqqəti cəlb edir. Burada tısbağa formalı zoomorf qab xüsusilə maraqlıdır. E.ə. I minilliyin əvvəllərinə aid, tısbağa formalı saxsı dolça 2017-ci ildə Şəki rayonu Küdürlü kəndinin yaxınlığında, Cüyürlü meşəsinin ərazisində aşkar edilmişdir.
Digər stendlərdə, Azərbaycanda tunc, dəmir və antik dövrə aid qədim dekorativ nümunələr, bəzək əşyaları nümayiş etdirilir. Mərkəzi hissədə nümayiş etdirilən, taxıl saxlamaq üçün istifadə edilən iri küpün 500 kq tutumu var. Bu küp VII-VIII əsrlərdə Şəki rayonunun Zəyzid kəndi ərazisində istehsal edilib.
Şəki ərazisində aşkar edilmiş və Sasanilər dövrünə aid olan gümüş sikkələrdən ibarət dəfinə, Azərbaycanın orta əsr hərb tarixinə aid qalxan, qılınc, toppuz, dəmir qoruyucu maska və s. xüsusilə diqqəti cəlb edir. Dünyanın ən qədim samovarı ünvanına sahib olan saxsı samovar, orta əsr sufi dini-mənəvi irsinə aid olan maddi-mədəniyyət nümunələri öz unikallığı ilə seçilir.
Muzeyin birinci zalında Şəkidə orta əsrlərdə dini inanclarla bağlı əşyalar (təsbehlər, təbərzin, kəşküllər) da nümayiş etdirilir. Bu stenddə dərvişlər və orta əsr sufi inancı haqqında ümumiləşdirilmiş məlumatlar, kəhrəba, ağac və əqiq materialından hazırlanmış dini əşyalar haqqında məlumatlar verilir. Müxtəlif sufi təriqətlərinə aid baş geyimləri, Azərbaycanın orta əsr dövlətlərinə aid olan tarixi məktublar, yazışmalar və möhürlər də burada xüsusilə diqqəti cəlb edir.
Birinci sərgi zalının son hissəsi Şəki xanlığının tarixinə həsr edilib. Şəki xanlığının ordusunda istifadə edilmiş odlu silahlar, barıt qabları burada nümayiş edilir. Məlumdur ki, XVIII əsrdə Şəki Qafqazda keyfiyyətli tüfəng istehsalı ilə məşhurlaşmış bölgə idi. Qarabağ xanının vəziri Molla Pənah Vaqif, 1770-ci illərdə Şəki xanı Məhəmmədhüseyn xana şeir yazaraq ondan şəkili ustaların düzəltdiyi bir tüfəng hədiyyə istəyib. Şəki xanı isə ona qızıl suyu ilə bəzəkli tüfəng hədiyyə edib və bu barədə Vaqifə şeir göndərib. Muzeyin bu hissəsində həmin tarixi əlaqə barədə məlumatlar, həmçinin Hacı Çələbi xan və digər Şəki xanları haqqında geniş məlumatlar öz əksini tapıb.
MUZEYİN İKİNCİ SƏRGİ ZALINDA Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən yüzlərlə digər eksponat nümayiş etdirilir. At və ondan istifadə haqqında etnoqrafik məlumatlar burada öz əksini tapmışdır. Burada ata aid yəhər, çul, qamçı, tarixi at bəzək əşyaları nümayiş etdirilir. At ilə bağlı dəmirçilik əşyaları, nal və üzəngi haqqında məlumatlara da xüsusi diqqət ayrılır.
Burada Şəkidə sənətkarlığın bəzi sahələrinə aid əşyalar (dəriişləmə və s.), həmçinin Şəki xanlığı dövründə yaşamış bəylərə, bir sıra tarixi şəxsiyyətlərə aid baş daşları nümayiş etdirilir. Bu baş daşlarının hər birinin yanında kimə aid olması haqqında məlumatlar öz əksini tapır. Bu baş daşları öz incə işləmələri, üzərindəki naxışları ilə seçilir. Xüsusilə, Fətəli xan Xoyskinin bacısına aid olan qəbir daşı xüsusilə diqqətçəkicidir.
Muzeyin bu hissəsində Şəkinin orta əsr mədrəsələrində tədris vasitəsi kimi istifadə edilmiş qədim əlyazmalar, rəhillər nümayiş olunur. Kitablar həm dini, həm də dünyəvi mövzuları əhatə etməklə Şəkinin qədim irsinə güzgü tutur. Mərkəzi vitrində isə Şəkinin mətbəxinə həsr edilmiş nümunələrin mulyajları sərgilənir.
MUZEYİN ÜÇÜNCÜ SƏRGİ ZALINDA Şəkidə ənənəvi evlərin interyerinə aid dekorativ memarlıq elementləri və məişət-ev əşyaları nümayiş olunur. Burada şəbəkə pəncərələr, buxarı, güzgü, lampalar sərgilənir. Ənənəvi Şəki evlərinə aid darvazanın üzərində bütün memarlıq elementlərinə, xüsusilə təqqülbab adlanan dəmir qapı zənglərinə rast gəlinir. Qapı aksesuarları olan dəmirçilik əşyaları, Şəki evlərinin interyerinə aid buxarı, pəncərənin dəmir çərçivəsi də xüsusi gözəlliyi ilə diqqəti cəlb edir.
MUZEYİN DÖRDÜNCÜ SƏRGİ ZALINDA Şəkinin ipəkçilik irsinə aid olan baramanın açılma prosesi və kəlağayı istehsalına aid əşyalar nümayiş olunur. İpəkçilik tarixinə aid məlumatlar və bunun regional ticarətdə rolunu əks etdirən məlumatlar əsas vitrində sərgilənir.
Şəkinin tarixən kəlağayı istehsalı mərkəzi olmasına görə burada bir vitrin kəlağayıya həsr edilib. Bundan başqa, Şəkidə ipək parça istehsalı və bunun şəhərin sosial-iqtisadi həyatında oynadığı tarixi rol nəzərə alınaraq Şəkinin ipək parçalarından nümunələr əyani şəkildə nümayiş olunur.
Dördüncü sərgi zalının baş hissəsi Azərbaycanda xalçaçılıq sənətinə və onun toxunmasında istifadə edilən əmək alətlərinə həsr edilib. Məlum olduğu kimi, Şəki şəhəri tarixən Azərbaycanda təkəlduz sənətinin mərkəzi sayılır. XVIII-XIX əsrə aid Şəki təkəlduz sənəti nümunələri burada nümayiş etdirilir.
Bu sərgi zalındakı vitrinlərdən birində Şəkidə qədim geyim növləri, ləbbadə, köynəklər, mərkəzi vitrinlərdə Azərbaycanda orta əsrlərdə kişi və qadınların istifadə etdiyi bəzək əşyaları, o cümlədən qızıl əşyalar və kəmər kimi aksesuarlar, geyim əşyaları, rəngli corablar, tarixi ayaqqabılar, ayaqqabı qəlibləri nümayiş olunur.
MUZEYİN ÇIXIŞ HİSSƏSİNDƏ yerləşən qalereya və suvenir zalında isə tarixi fayton, rəsm əsərləri, ev maketləri nümayiş etdirilir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları Efiopiyada, Madaqaskarda, İordaniyada, Pakistanda keçirilən sərgilərdə nümayiş etdirilib. Muzey Tümen vilayətinin Xantı-Mansiysk şəhərində yerləşən “Çelovek i priroda” muzeyi ilə əməkdaşlıq edir.