Martın 17-də Azərbaycan xalqı Novruzun son çərşənbəsi – Torpaq çərşənbəsini qeyd edib.
Bu münasibətlə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, "Yuxarı Baş” Milli Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət qoruqlarında da kütləvi bayram şənlikləri təşkil olunub.
Musiqili-əyləncəli tədbirlərdə Dövlət Turizm Agentliyinin, Qoruqları İdarəetmə Mərkəzinin, Abşeron, Suraxanı, Şəki və İsmayıllı rayon icra hakimiyyətlərinin təmsilçiləri, həmçinin Qarabağ müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Novruz Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biridir. Torpaq çərşənbəsi isə Novruzun mühüm mərhələsi hesab olunur. El arasında İlaxır çərşənbə kimi də adlandırılan bu əlamətdar gün təkcə ilin son çərşənbəsi deyil, həm də baharın, yeni başlanğıcın müjdəsidir. Respublikamızın hər yerində baharın gəlişi, xalqımızın qədim el bayramı olan Novruz böyük sevinc və fərəhlə qarşılanır.
Rəsmi çıxışlardan sonra qazilər və şəhid ailəsi üzvləri rəmzi bayram tonqallarını yandırıblar.
Bayram şənliyində Novruzla bağlı müxtəlif səhnəciklər göstərilib, baharın gəlişinə aid mahnılar, milli rəqslər ifa olunub, ansambllar çıxış ediblər. Bununla yanaşı, güləşçilər və kəndirbazlar öz məharətlərini göstəriblər, Keçəllə Kosanın məzhəkəli tamaşası, yumurta döyüşdürmə və sair adətlər nümayiş olunub.
Tədbirlər çərçivəsində Novruz şirniyyatlarından ibarət sərgi, eləcə də milli sənətkarlıq nümunələrinin yarmarkası təşkil olunub. Sənətkarlar müxtəlif əl işlərini – xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma və digər dekorativ sənət nümunələrini qonaqlara təqdim ediblər.