Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində sentyabrın 30-da Dövlət Turizm Agentliyində könüllü qanvermə aksiyası təşkil olunub.
Aksiyada Dövlət Turizm Agentliyinin və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər. Qanvermə aksiyasının keçirilməsində məqsəd qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsinə dəstək olmaqla yanaşı, qan ehtiyatlarının artırılmasına və sağlam donor qanının əlçatanlığının təmin edilməsinə töhfə verməkdir.
Aksiya Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Qan Bankının ixtisaslaşmış tibb briqadası tərəfindən həyata keçirilib.
Qanvermədən öncə donor olmaq istəyən əməkdaşların sağlamlıq vəziyyəti tibbi müayinədən keçirilib. Tibbi baxış zamanı iştirakçıların anamnezi öyrənilib, arterial təzyiqi, nəbzi, bədən temperaturu, boyu və çəkisi ölçülüb, qanda hemoqlobin səviyyəsi müəyyənləşdirilib.
Müayinələrin nəticələrinə əsasən qanverməyə uyğun hesab edilən əməkdaşlardan qan nümunələri götürülüb.
Toplanmış qan nümunələri laborator müayinələrdən keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankına təhvil veriləcək.