Mayın 11-də Basqal qəsəbəsində "Turizmdə yaşıl gələcəyin formalaşdırılması" adlı təlim sessiyası keçirilib.
Təlimdə yerli icmadan, turizm müəssisələrindən və gənclərdən ibarət 19 nəfər iştirak edib.
Qeyd olunub ki, Basqal Azərbaycanın ən dəyərli qəsəbələrindən biridir. Burada canlı irs, dağ mənzərələri, sənətkarlıq nümunələri yerli və xarici turistlərin diqqətini çəkir. Qəsəbəni ziyarət edənlərin sayı artdıqca, icmanın Basqalı, o cümlədən bu yaşayış məntəqəsinə məxsus zənginlikləri, təbiəti, tarixi-memarlıq irsini qoruyub saxlamaq məsuliyyəti daha da artır.
Təlim müddətində iştirakçılar məsuliyyətli turizm təcrübəsinin bütün spektrini araşdırıblar. Onlar plastik istifadəni azaltmaqdan, su və enerjiyə qənaət etməkdən tutmuş tullantıların idarə olunmasına, ziyarətçilərə məsuliyyətlə rəhbərlik etməyə və ekoloji cəhətdən təmiz xidmətlərin təşviqinə qədər bir çox mövzularda müzakirələr aparıblar. Yerli qonaq evi sahibləri, bələdçilər və biznes operatorları hər bir fərdi hərəkətin təyinat yerinin uzunmüddətli sağlamlığına necə töhfə verdiyini öyrəniblər.
Təlimdə Basqalın təbii mənzərələrinin, irsinin və icma kimliyinin onun turizm cəlbediciliyinin əsasını təşkil etdiyi xüsusi vurğulanıb. Bildirilib ki, bu özəlliklər gənc nəsillər tərəfindən də qorunmalıdır.
Xatırladaq ki, təlim 2026-2028-ci illər ərzində Basqalın Dayanıqlı Turizm Strategiyasını dəstəkləmək üçün həyata keçirilən proqramın bir hissəsini təşkil edir. Bu proqram Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi (DTA), Azərbaycan Turizm Bürosu (ATB) və Qoruqları İdarəetmə Mərkəzinin (QİM) təşkilatçılığı ilə həyata keçirilir.