Albaniyanın aparıcı xəbər platformalarından biri olan “Report TV” Azərbaycanın turizm potensialına həsr olunmuş xüsusi reportaj hazırlayıb.
Layihənin müəllifi və aparıcısı, albaniyalı jurnalist Eljan Tanini paytaxt Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisini gəzib, Qız qalası, Şirvanşahlar saray kompleksi ilə tanış olub, Azərbaycan Milli Xalça Muzeyinə, Qobustan Milli Tarix-Bədii Qoruğuna baş çəkib.
Şəki-Zaqatala iqtisadi rayonuna səfər edən E.Tanini Qafqaz Albaniyasının ilk paytaxt şəhəri Qəbələyə, həmçinin Böyük Qafqaz dağlarının ətəyində yerləşən ən qədim mədəniyyət mərkəzlərindən biri, tarixi İpək Yolu üzərindəki məşhur sənətkarlıq şəhəri Şəkiyə gəlib.
Albaniyalı jurnalist Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda olub. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Şəki Xan sarayı ilə tanışlıq zamanı bələdçi Rəvanə Əzizova qonağa memarlıq abidəsi haqqında ətraflı məlumat verib. Sarayın hansı məqsədlə inşa edildiyi, Şərq üslubuna uyğun nadir dekorativ-tətbiqi sənət nümunəsi olduğu, şəbəkə sənətinin incəlikləri və mahiyyəti, eləcə də bu unikal memarlıq abidəsinin tarixi əhəmiyyəti xarici jurnalistin diqqətinə çatdırılıb.
E.Tanini şəkidə olduğu müddətdə “Kiş” Tarix-Memarlıq Qoruğunda da olub. O, qoruğun ərazisində Qafqazın ən qədim məbədi - Kiş Alban məbədinə baş çəkib. Qonağa məlumat verilib ki, iki min il yaşı olan Kiş Alban məbədi birinci əsrdə İsa peyğəmbərin təlimi və ya Apostol Yeliseyin təşəbbüsü ilə yaradılıb. Bu məbəd yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim apostol məbədi sayılır.
Qeyd olunub ki, bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir. Məbəd həm memarlıq abidəsi kimi, həm də tarixi abidə kimi dəyərlidir. Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub.